IMG-LOGO

"Bakı Fəaliyyətə Çağırış" növbəti onilliyi "fəaliyyət onilliyi"nə çevirməyi təklif edib

22 May 2026 19:28 5 baxış
IMG

Qlobal mənzil böhranı kompleks mənzil siyasətinə, maraqlı tərəflərin çoxtərəfli qarşılıqlı fəaliyyətinə, dayanıqlı maliyyələşdirməyə və hesabatlılıq mexanizmlərinin gücləndirilməsinə əsaslanan təcili və əlaqələndirilmiş cavab tələb edir.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunlarına əsasən qəbul edilmiş "Bakı Fəaliyyətə Çağırış"da deyilir.

Sənəddə qeyd olunub ki, mənzil böhranının ümumi cəhətlərinə baxmayaraq, hər bir rayon, şəhər, ölkə və regionun özünəməxsus xüsusiyyətləri var, buna görə də problemin miqyasını tam anlamaq üçün yerli və milli kontekstlər həlledici əhəmiyyətə malikdir.

"Bu sənədin əsasında maraqlı tərəflərin təşkil olunmuş çoxtərəfli fəaliyyətləri, konkret şərtlər nəzərə alınmaqla uzunmüddətli maliyyələşdirmə, həyata keçirmə potensialının gücləndirilməsi, çoxsəviyyəli idarəetmə, davamlı dövlət investisiyaları və ölçülə bilən hesabatlılıq mexanizmləri ilə dəstəklənən kompleks mənzil siyasəti prinsiplərini rəhbər tutaraq mənzil təminatını yenidən prioritetə çevirmək çağırışı dayanır", - sənəddə bildirilib.

Çağırışın müəllifləri mənzil sahəsindəki beynəlxalq öhdəlikləri - adekvat mənzilin fundamental insan hüququ kimi tanınmasından tutmuş "Habitat" proseslərinin, 2030-cu ilədək Gündəliyin və Gələcək naminə Paktın həyata keçirilməsinə qədər olan öhdəlikləri xatırladaraq, "diaqnostikadan fəaliyyətə" keçidin zəruriliyini vurğulayıblar.

Yeni Şəhər Gündəliyinin onilliyində sənəd üzv dövlətləri onun həyata keçirilməsini sürətləndirməyə və qlobal mənzil böhranının aradan qaldırılmasında UN-Habitat-ın əlaqələndirici rolunu gücləndirməyə çağırır.

"Bakı Fəaliyyətə Çağırış"da qeyd olunub ki, UN-Habitat-ın 2026–2029-cu illər üçün Strateji Planı mənzil sahəsindəki fəaliyyətlərin, o cümlədən hamı üçün adekvat mənzil məsələsi üzrə ekspertlərin Açıq Tərkibli Hökumətlərarası İşçi Qrupu (OEWG-H) vasitəsilə sürətləndirilməsi üçün əsas ola bilər.

Üzv dövlətlərə və maraqlı tərəflərə bu qrupun işində fəal iştirak etmək, ekspertlər və praktiklər irəli sürmək, həmçinin kifayət qədər təmsil olunmayan əhali qruplarının inklüziv iştirakını təmin etmək tövsiyə olunur.

Sənəddə həmçinin növbəti onilliyi və Ümumdünya Şəhərsalma Forumunun sonrakı beş sessiyasını "Yeni Şəhər Gündəliyi"nin həyata keçirilməsini sürətləndirmək və Davamlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsində ölçülə bilən tərəqqiyə nail olmaq üzrə "fəaliyyət onilliyinə" çevirmək imkanı vurğulanır.

Mənbə: report.az

Xəbər lenti