İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi Tehran və Vaşinqtonun münaqişəyə son qoymaq üçün hələlik razılaşmaya yaxın olmadıqlarını bildirib.
"Report"un "Tasnim" agentliyinə istinadən xəbərinə görə, diplomat qeyd edib ki, tərəflər sazişin yaxın olmasından danışmağın mümkün olduğu mərhələyə çatmayıblar.
Onun sözlərinə görə, danışıqlarda əsas məsələ hərbi əməliyyatların dayandırılmasıdır.
İ.Bəqayi həmçinin Pakistan Ordusunun komandanı Asim Munirin Tehrana səfərinə münasibət bildirib və xarici nümayəndə heyətləri ilə əlaqələrin intensivləşdirilməsinin diplomatik prosesin bir hissəsi olduğunu bildirib.
Bundan əlavə, o, Qətərdən olan nümayəndə heyətinin İranın xarici işlər naziri Abbas Əraqçi ilə məsləhətləşmələr apardığını bildirib. İ.Bəqayinin sözlərinə görə, Pakistan ABŞ ilə danışıqlarda vasitəçi rolunu oynamağa davam edir.
Mənbə: report.az