IMG-LOGO

"The Guardian": Britaniyanın Aİ-yə vahid mal bazarı yaratmaq təklifi rədd edilib

23 May 2026 03:13 4 baxış
IMG

Böyük Britaniya hökuməti ikitərəfli münasibətlərin dərinləşdirilməsinin bir hissəsi olaraq Avropa İttifaqına (Aİ) vahid mal bazarını yaratmağı təklif edib, lakin təklif qəbul olunmayıb.

"Report" xəbər verir ki, "The Guardian" qəzeti bu barədə mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Brüssel öz növbəsində Londonun Aİ-nin gömrük birliyinə və ya Avropa İqtisadi Zonasına qoşulmasını təklif edib. Bu seçim Britaniya hökumətini qane etməyib.

2024-cü ildə hazırkı Baş nazir Kir Starmerin rəhbərlik etdiyi Böyük Britaniya Leyboristlər Partiyası Aİ-yə yenidən qayıtmamaq, vahid bazara, gömrük birliyinə qoşulmamaq öhdəliyi ilə seçkilərdə qalib gəlib.

Qəzet qeyd edib ki, K.Starmer hökuməti faktiki olaraq 2016-cı ildən 2019-cu ilə qədər Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışmış Tereza Meyin təşəbbüsünə bənzər təklif irəli sürüb. O, həmin dövrdə Böyük Britaniya və Aİ arasında malların hərəkəti üçün vahid qaydaların hazırlanmasını müdafiə edirdi. Avropa vahid bazarı həmçinin insanların sərbəst hərəkətini nəzərdə tutur ki, bu da 10 il əvvəl "Brexit"in səbəblərindən biri idi.

Brüssel hesab edir ki, Londona güzəştlər 2027-ci il prezident seçkiləri ərəfəsində Fransa da daxil olmaqla, Ai dövlətləri arasında avroskeptiklərin mövqeyini gücləndirəcək.

Eyni zamanda, "The Guardian" qəzeti qeyd edib ki, Britaniya hakimiyyəti ərzaq və enerji də daxil olmaqla, bəzi sahələrdə Aİ-nin vahid bazarına çıxış əldə etmək ümidlərini itirməyib.

Bu məsələlərin qarşıdan gələn Böyük Britaniya-Aİ sammitində müzakirə ediləcəyi güman olunur. Sammitin tarixi hələ təsdiqlənməyib, lakin qəzetin məlumatına görə, tədbir çox güman ki, 13 iyulda keçiriləcək. Sammitdə tərəflərin baytarlıq məhsullarının sadələşdirilmiş ticarəti ilə bağlı razılaşma elan edəcəkləri gözlənilir.

Mənbə: report.az

Xəbər lenti