IMG-LOGO

“Omega-3 yaddaşı qoruyur” mifinə şok zərbə – Yeni elmi araşdırma əksini göstərdi

23 May 2026 16:12 4 baxış
IMG
2 0

Dünyada milyonlarla insanın qəbul etdiyi omega-3 əlavələri beynin qocalmasının qarşısını almaq əvəzinə, əksinə, yaddaş zəifləməsini sürətləndirə bilər.

Beynin yaşlanmasının - Alzheimer və demensiyanın - qarşısını almaq məqsədilə əhali arasında çox geniş istifadə olunan omega-3 əlavələri ilə bağlı çox mübahisəli və səs-küylü bir elmi tədqiqat yayımlandı. Yeni elmi araşdırmaya görə, omega-3 qəbul edən bir qrup yaşlı insanlarda beynin yaşlanması, xüsusilə də idrak funksiyalarının zəifləməsi daha sürətli inkişaf edib.

Tədqiqat dünyanın ən məşhur Alzheimer məlumat bazalarından biri olan ADNI (Alzheimer’s Disease Neuroimaging Initiative) əsasında aparılıb və nəticələr “The Journal of Prevention of Alzheimer’s Disease” jurnalında dərc olunub. Araşdırma ümumilikdə 1814 nəfər üzərində aparılıb. Propensity score matching sonrası isə 819 nəfər 5 il ərzində izlənilib.

Nəticələr isə gözlənilməz olub: * Omega-3 qəbul edən yaşlılarda yaddaş zəifləməsi daha sürətlə inkişaf edib; * Alzheimer testlərində nəticələr daha tez pisləşib; * Beyində enerji istifadəsinin azalması müşahidə olunub; * Bu təsirin sinir hüceyrələrinin funksional zəifləməsi ilə əlaqəli olduğu düşünülür.

Araşdırmada xüsusilə qeyd olunur ki, omega-3 əlavələrinin “hamı üçün faydalıdır” yanaşması artıq ciddi şəkildə yenidən qiymətləndirilməlidir.

Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri budur:

Omega-3 qəbul edən şəxslərdə beyində klassik Alzheimer göstəriciləri olan: * beta-amiloid yığıntıları, * tau zülalı, * beyin atrofiyası əhəmiyyətli şəkildə artmayıb.

Amma bunun əvəzinə beynin PET görüntüləmələrində beyində qlükoza istifadəsinin azalması aşkarlanıb. Bu isə neyronların və sinaptik əlaqələrin funksional zəifləməsi anlamına gələ bilər.

Bu isə tam olaraq onu deməyə əsas verir ki, “Balıq yağı həmişə faydalıdır” düşüncəsi tamamilə yanlışdır.

Tədqiqatda bir daha vurğulanır ki, omega-3 bir çox hallarda oksidləşmə və mitoxondrial stress yaradaraq beyində əks təsir göstərə bilər. Xüsusilə uzun müddətli və nəzarətsiz istifadə risk yaradır.

Araşdırmada qeyd edilir ki, satışda olan bir çox “Omega-3” və “fish oil” məhsulları oksidləşmiş vəziyyətdə ola bilər və bu da potensial zərər mexanizmlərindən biri hesab olunur.

Bütün bunlar bir daha göstərir ki, “Omega-3” əlavələrinin beynin qorunması üçün geniş istifadəsinə çox ehtiyatlı yanaşmaq vacibdir.

Gələcəkdə: * doza, * preparat növü, * xəstənin genetik xüsusiyyətləri, * ilkin omega-3 səviyyəsi fərdi şəkildə qiymətləndirilməlidir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, araşdırma omega-3 əlavələrinin tamamilə zərərli olduğunu sübut etmir. Lakin ilk dəfə olaraq böyük uzunmüddətli müşahidə tədqiqatlarından biri olaraq göstərir ki, hər zaman “faydalıdır” kimi qəbul edilən əlavələr bir çox yaşlı insanlarda tamamilə əks təsir göstərə bilər. Bundan başqa, omega-3-ün müəyyən insanlara faydalı olması ilə bağlı da çox az elmi sübut var.

Elm dünyasında bu nəticələrin artıq böyük müzakirələr yaradacağı qaçılmazdır.

 

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji cəmiyyətinin sədri, professor, tibb elmləri doktoru Nuran Abdullayev

Omega-3 həkim

Mənbə: lent.az

Xəbər lenti