İşığı söndürürsünüz və otağın bir küncündə yaşıl parıltı yaranır. Xeyr, bu yadplanetlilər deyil, sadəcə akvariumunuzdakı balıqlardır. Əksəriyyətimiz yalnız işıq saçan böcəkləri tanısaq da, təbiət elektriklə rəqabət apara biləcək canlı “lampalar” yaradıb.
Biolüminessensiya kimyəvi reaksiyadır. Heyvan “lüsiferin” adlı maddəni “lüsiferaza” fermenti ilə oksidləşdirir və nəticədə qaranlıqda işıq yaranır.
Lent.az xarici mediaya istinadən biolüminessent heyvanların TOP-5-ni təqdim edir.
Cəhənnəm kalmarı (Taningia danae)
Təsəvvür edin: uzunluğu iki metrə çatan, çəkisi isə təxminən 60 kiloqram olan nəhəng bir məxluq okeanın zülmət qaranlığında üzür. Onun tentakullarında güclü işıq saçan fotoporlar yerləşir və onlar kor edəcək dərəcədə parlaq işıq flaşları yarada bilir.
Bu nəhəng işığı gözəllik üçün deyil, silah kimi istifadə edir. İşıq partlayışı həm ovunu, həm də düşmənlərini çaşdırır və bu, molyuska həm qaçmağa, həm də hücum etməyə imkan verir. Bu, elmə məlum olan ən böyük biolüminessent kalmardır.
Göbələk ağcaqanadı (Arachnocampa)
Yeni Zelandiyanın mağaralarına dünyanın hər yerindən turistlər “yeraltı ulduzlu səmanı” görmək üçün axışırlar.
Bunun sirri göbələk ağcaqanadının sürfələridir. Onlar tavandan ipək saplarla sallanır və mavi işıq saçırlar.
Bu, ideal tələdir. Kiçik həşəratlar işığa doğru uçur, sürfənin yapışqan toruna düşür və nəticədə onun qidasına çevrilirlər. Bu saplar sanki Yeni il işıqları kimidir, sadəcə ölümcüldür.
Ördəkburun – gözlənilməz “casus”
Kim düşünərdi ki, ördək dimdiyinə bənzər burnu olan bu qəribə heyvan da siyahıdadır? Ultrabənövşəyi işıq altında ördəkburunun tükü yaşıl-göy rəngdə parıldamağa başlayır.
Alimlər bunu tamamilə təsadüfən 2020-ci ildə aşkar ediblər. Bu hadisə biolüminessensiya deyil, bioflüoressensiya adlanır. Yəni işıq saçmaq üçün ultrabənövşəyi şüalar lazımdır. Daha əvvəl alimlər yalnız iki məməli növündə belə xüsusiyyət aşkar etmişdilər: opossumlar və uçan sincablar.
Yeni Zelandiyanın işıq saçan qurdları
Məşhur Vaytomo mağarası minlərlə Arachnocampa luminosa sürfəsi ilə doludur. Onlar işıq saçaraq ovlarını cəlb edirlər. Zümrüd rəngində işıqlandırılmış, selik damcıları olan tor sapları başqa bir dünyanın atmosferini yaradır və milyonlarla sürfənin qidalanmasına kömək edir.
Dəniz lələkləri (Cnidaria)
Mərcan rifləri gecələr əsl diskotekaya çevrilir. Çünki bir çox polip və meduza işıq saçma qabiliyyətinə malikdir. Xüsusilə dəniz lələkləri diqqət çəkir: ən kiçik toxunuş zamanı onların bədəni boyunca yaşıl və ya mavi işıq dalğası yayılır.
Bu xüsusiyyət yırtıcıları qorxutmaq üçündür. Gözlənilməz işıq düşməni vahiməyə salır və o, daha “sakit” bir yemək axtarmağa gedir.
heyvanlar aləmiMənbə: lent.az