IMG-LOGO

Samir Rzayev: Uçuş təhlükəsizliyi AZAL-ın bütün qərarlarının mərkəzində dayanır - MÜSAHİBƏ

23 May 2026 21:39 3 baxış
IMG
1 0

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibə verib.

AZAL rəhbəri hava təhlükəsizliyi, İsrail-İran-ABŞ qarşıdurması fonunda hava məkanında yaranmış risklərin aradan qaldırılması, AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfinin kompensasiya köçürməsi, aviabiletlərin qiymətlərinin bahalaşması ilə bağlı səsləndirilən iddialar, Bakı-Naxçıvan reyslərində müəyyən təxirəsalınmaların səbəbləri və digər məsələlərlə bağlı suallara cavab verib.

AZTV: Samir müəllim, AZAL-ın inkişaf strategiyası ilə bağlı danışsaq, Samir müəllim, ən vacib prioritetlər nələrdir?

- AZAL-ın inkişaf strategiyası bir neçə əsas istiqamət üzərində qurulub və bu strategiyanın mərkəzində ilk növbədə təhlükəsizlik dayanır. Bununla yanaşı, davamlı və balanslı böyümə, sərnişin təcrübəsinin yaxşılaşdırılması, əməliyyat dayanıqlığı və rəqəmsal transformasiya da əsas prioritetlərdən biri hesab olunur. Donanmamızın mərhələli şəkildə yenilənməsi də AZAL-ın ən vacib prioritetlərindən biridir. Hazırda AZAL-ın donanmasında 26 təyyarə mövcuddur və yeni strategiyamıza əsasən, 2032-ci ildədək təyyarə sayını 50-nin üzərinə çıxarmağı planlayırıq. Bu istiqamətdə tərəfimizdən davamlı danışıqlar aparılır, müqavilələr üzərində çalışırıq. Artıq bu günə kimi donanmamıza 6 yeni Airbus A320neo təyyarəsi daxil olub. Qeyd etmək istərdim ki, 10 gün əvvəl parkımıza 6-cı A320neo təyyarəsini əlavə elədik və bu ilin sonuna kimi də əlavə 7 təyyarənin daxil olması planlaşdırılır. Bunlardan 6-sı Airbus A320neo və 1-i isə Boeing 787-9 təyyarəsidir. Azərbaycan Hava Yolları eyni zamanda, beynəlxalq əlaqələrin marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində davamlı işlər görməkdədir. 2025-ci ildə “Uzbekistan Airways”, “Gulf Air” və bir müddət əvvəl “Air Serbia” ilə kod-şerinq müqavilələri bağlanıb. Hal-hazırda AZAL-ın 12 kod-şerinq müqaviləsi mövcuddur və eyni zamanda da 40-dan çox “interline” müqavilələri üzrə fəaliyyət göstərməkdəyik. Bildiyiniz kimi, AZAL öz donanmasında əlavə olaraq 4 ədəd icarə təyyarələrindən də istifadə etməkdədir və buna da səbəb yüksək sərnişin tələbatıdır ki, həmin tələbatın qarşılanması üçün bundan istifadə olunub. Təqribən bu ilin noyabr ayınadək yeni təyyarələr parkımıza daxil olandan sonra həmin təyyarələrin geri qaytarılması nəzərdə tutulub.

APA: Son illər AZAL-ın əldə etdiyi yüksək nəticələri təyin edən əsas faktorlar hansılardır?

- Əldə etdiyimiz nəticələr bir neçə əsas faktorun paralel və koordinasiyalı şəkildə işləməsinin nəticəsidir, sözsüz ki. Burada düzgün strateji planlama, əməliyyatların optimallaşdırılması, çevik idarəetmə və ən əsası müştəri yönümlü yanaşma xüsusi rol oynayır. Hazırda AZAL-ın maliyyə göstəricilərində davamlı artım tendensiyası müşahidə olunur. 2023-cü ildən etibarən şirkətin gəlirləri 42% artıb. Bu dövrdə sərnişin sayında da ciddi artım müşahidə edə bilərik. 2025-ci il ərzində AZAL-ın sərnişin sayı 4 milyonu keçib və bunun təxminən 1 milyonu tranzit sərnişinlərin payına düşüb. Bu göstərici bizim üçün xüsusilə vacibdir, çünki Azərbaycanın regional tranzit mərkəzi kimi mövqeyinin güclənməsini göstərir. Sərnişin artımının əsas səbəblərindən biri də marşrut şəbəkəsinin genişlənməsidir. Təkcə ötən il biz 4 yeni istiqamət açmışıq, hazırda isə AZAL ümumilikdə 53 istiqamət üzrə uçuşlar həyata keçirir.

 

AZTV: Samir müəllim, bütün strukturlarda uğurların önündə insan kapitalı və bu kapitaldan düzgün istifadə etmə məharəti dayanır. İnsan kapitalının inkişafı AZAL-ın hansı strateji priotertlərini əks etdirir? Bu barədə nə deyə bilərsiz?

- Çox doğru buyurursunuz. İnsan kapitalının inkişafı AZAL-ın strateji prioritetlərinin tərkib hissəsidir. Son illərdə əməkdaş bağlılığının artırılması istiqamətində daha strukturlaşmış və məqsədyönlü yanaşma tətbiq edilir. Bunun nəticəsində əməkdaş bağlılığı göstəricimiz artıq 83%-ə kimi çatıb. Bu da bizim üçün çox vacib indiqatorlardan biridir. Eyni zamanda, hazırda SKY Akademiyası platforması üzərində çalışırıq. Biz davamlı öyrənmə və inkişaf mədəniyyətinin formalaşdırılmasına xüsusi önəm veririk. SKY Akademiyası platformasının tətbiqi ilə əməkdaşların həm peşəkar, həm də fərdi inkişaf imkanları genişləndirilir. Performans idarəetmə sisteminin yenidən qurulması da bizim üçün çox vacib bir kriteriyadır. Əsas məqsəd ondan ibarətdir ki, əməkdaşlarımızın məqsədlərini daha aydın müəyyən edək, nəticələrini daha dəqiq ölçək və onların əsasında da gələcək inkişaf prossesini sistemli şəkildə idarə edə bilək. Yeni əməkdaşların təşkilata inteqrasiyası üzərində də çox yaxından çalışırıq, bu istiqamətdə tətbiq etdiyimiz yeni platformalar əməkdaşların daha sürətli uyğunlaşmasına və eyni zamanda komandanın bir hissəsinə çevrilməsinə kömək edir. Bu günə kimi könüllü işdən azadolma istəyində olan işçilərimizin ümumi həcmi cəmi 3% təşkil edib.

AZTV: AZAL-ın pilotları həm də dünyanın ən peşəkar pilotları hesab etmək olar. Onlar artıq kifayət qədər nüfuz sahibidirlər. AZAL-da pilot və bələdçi hazırlıqları hansı səviyyədədir?

- Tamamilə doğrudur. Ümumiyyətlə AZAL-ın uçuş heyətini çox yüksək qiymətləndirməliyik. Pilot heyətinin davamlı şəkildə hazırlanması əsas kriteriyalarımızdan biridir. Donanmanın davamlı genişləndirilməsi pilot heyətinin davamlı şəkildə hazırlanmasına zərurət yaradır. Yeni pilotların ixtisaslarının artırılması proqramlarını həyata keçiririk, davamlı olaraq. 2024-cü ildən etibarən Qəbələ Beynəlxalq Aeroportunda yerləşən uçuş heyəti hazırlıq mərkəzimiz fəaliyyətə başlayıb və artıq orada da pilotlarımızın daha təkmil, daha qabaqcıl bacarıqlara yiyələnməsi üçün tərəfimizdən müvafiq tədbirlər aparılmaqdadır. Hazırda qeyd etdiyim məktəbdə, bizim təlim mərkəzində 25 pilot proqramlarda iştirak etməkdədir. Eyni zamanda, 65 pilotumuz Türkiyədə beynəlxalq təlim proqramlarına cəlb olunub və onların 2026-cı ilin sonunadək ölkəyə qayıdaraq peşə fəaliyyətinə başlamaları gözlənilir. Ötən ayın sonunda 36 məzunumuz İspaniyanın Lieda şəhərində təlimə başlayıb. Təlimlərdən uğurla keçən gənc pilotlarımız artıq "type rating" vəsiqələrini əldə edərək Azərbaycan Hava Yollarında fəaliyyətə başlayacaqlar. Eyni zamanda, nəzərinizə çatdırmaq istərdim ki, bu yaxınlarda Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışı baş tutdu. Təlim Mərkəzi 2 hissədən ibarətdir. Mərkəzin bir hissəsi hava nəqliyyatı dispetçerlərinin hazırlanması, digər hissəsi isə uçuş heyətinin fövqəladə hallarda təlim hissəsi kimi nəzərdə tutulub. Əsas məqsəd ondan ibarətdir ki, biz AZAL olaraq, Milli Aviasiya Akademiyası olaraq çalışırıq ki, ümumiyyətlə bütün aviasiya personalının təlim proqramlarını Azərbaycanda cəmləşdirək. Təyyarə bələdçiləri üzrə də seçim prosesləri meyarları mövcuddur - güclü ünsiyyət, yüksək empatiya, xidmət mədəniyyəti, dil bilikləri, komanda ilə işləmək bacarığı və ən əsası sərnişinlərin təhlükəsizliyinə məsuliyyətli yanaşmaq. Bunlar çox vacib kriteriyalardır və bütün seçim proseslərimizdə bundan istifadə olunur. Seçimdən sonra namizədlər 2 aylıq intensiv nəzəri-təlim proqramlarına qoşulurlar və daha sonra isə fövqəladə hallar üzrə praktiki hazırlığı əhatə edən 6 real uçuş təcrübəsi həyata keçirirlər. Nəticədə, bütün mərhələləri uğurla keçən əməkdaşlarımız müstəqil uçuşlara buraxılır və mərhələli şəkildə tamhüquqlu təyyarə bələdçisi kimi formalaşırlar. Məlumat üçün deyim ki, son 3 il ərzində komandamıza 400-dən çox yeni təyyarə bələdçisi qoşulub və artıq bütün uçuşlarımızda fəaliyyət göstərməkdədirlər.

APA: Müştəri təcrübəsində son illərin əsas yeniliyi nələrdir?

- Xidmət keyfiyyətinin yüksəldilməsi üzərində daim çalışırıq. Ötən ilin sonunda biz peyk rabitəsi sahəsində qlobal lider olan “Viasat” şirkəti ilə müqavilə imzalamışıq. Yeni təyyarələrimizdə yüksək sürətli bortdaxili wifi xidmətini artıq istifadəyə vermişik. Həmçinin, bütün təyyarələrimizdə multimedia əyləncə sistemini tamamilə yeniləmişik. Digər bir nümunə isə odur ki, sərnişinlərə fərqli çeşidlər təqdim etmək üçün yemək menyusuna mütəmadi yeniliklər təqdim edirik. AZAL “Skytrax” tərəfindən dəfələrlə “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” nominasiyasında qalib elan olunub. Bu qiymətləndirmə dünyanın müxtəlif ölkələrindən sərnişinlərin iştirak etdiyi qlobal sorğular və xidmət keyfiyyəti göstəriciləri əsasında aparılır. Bu ilin aprel ayında isə biz “PAX İnternational” şirkəti tərəfindən MDB ölkələri üzrə “Ən yaxşı bortdaxili əyləncə və əlaqə” mükafatına layiq görülmüşük.

 

AZTV: Samir müəllim, az əvvəl siz AZAL-ın inkişaf strategiyasından danışdıqda təhlükəsizliyin əsas prioritet olduğunu bildirdiniz. Təhlükəsizlik göstəriciləriniz bu gün AZAL-ın ümumi əməliyyat keyfiyyəti haqqında nə deyir?

- Bəli, doğru buyurursunuz. Təhlükəsizlik bizim ən vacib prioritetimizdir. Ümumiyyətlə aviaşirkətin fəaliyyətində əsas və dəyişməz prioritet uçuşların təhlükəsizliyidir. Uçuşların təhlükəsizliyi şirkətin bütün strateji və əməliyyat qərarlarının mərkəzində dayanır və hər bir fəaliyyət ilk növbədə bu prinsip əsasında qiymətləndirilir. AZAL-da uçuşların təhlükəsizliyinin idarəetmə mexanizmi mövcuddur, biz buna SMS deyirik - Safety Management System. Bu sistem Azərbaycan Respublikasının Aviasiya haqqında qanununun tələblərinə, eyni zamanda da ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tərəfindən müəyyən edilmiş beynəlxalq standart və tövsiyələrə tam uyğun şəkildə qurulub. Uçuş təhlükəsizliyini idarəetmə modeli bizə risklərin vaxtında müəyyənləşdirilməsi, idarə olunmasını təmin edir və təminat yaradır. Əlavə olaraq, hər bir insident və ya əməliyyat uyğunsuzluğu detallı şəkildə araşdırılır, qabaqlayıcı tədbirlər həyata keçirilir və bununla bağlı pilotlara müvafiq təlimlər keçirilir. Aviasiya sahəsində SAFA (Safety Assessment of Foreign Aircraft) deyilən indikatorumuz mövcuddur. Bu xarici təyyarələrin təhlükəsizliyinin qiymətləndirilməsidir. Bu indeksi 1,7-dən artıq 0,8-dək endirmişik. Bu da öz növbəsində yaxşı göstərici sayılır, çünki SAFA indeksinin keyfiyyət göstəricisi azalmaqla təyin olunur.

 

APA: Son dövrlər AZAL-ın rəsmi veb-saytı və mobil tətbiqində təqdim olunan rəqəmsal həllər müştəri təcrübəsi və biznes nəticələrini necə dəyişib?

- 2023-cü ildə biz müasir və yenilənmiş vebsaytı, həmçinin mobil tətbiqimizi istifadəyə vermişik. Mil (miles) istifadəçiləri üçün şəxsi kabinet yaratmışıq, millərin hesablanması prossesini təkmilləşdirmişik. Həmçinin, artıq sərnişinlər milləri əlavə xidmətlər əldə etmək üçün istifadə edə bilirlər. 2025-ci ildə isə Apple Pay və Google Pay ödəniş sistemlərinin tətbiqinə başlamışıq. Digər maraqlı yenilik isə ondan ibarətdir ki, artıq minik talonlarını Apple Wallet və Google Wallet-ə əlavə edə bilərlər, bu da ayrıca bir yenilikdi. Sərnişinlər yeni funksionallıq sayəsində ekonom sinif biletlərini biznes sinfə dəyişə bilərlər, bu da əlavə bir xidmətdir. Bu xidmətdən bu günə kimi 15 mindən çox sərnişin yararlanıb. Sərnişinlər üçün qiymətin sabitlənməsi və biletin onlayn dəyişdirilməsi kimi xidmətlər də artıq saytımıza və tətbiqə daxil edilib. Eyni zamanda, uçuş statusu ilə bağlı bildirişlər və cədvəl dəyişiklikləri barədə məlumatlandırma imkanları da saytımıza və mobil tətbiqə əlavə olunub. Qeyd edim ki, rəsmi veb-sayt və mobil tətbiqimizin yaxın gələcəkdə növbəti dəfə yenilənməsini nəzərdə tutmuşuq.

 

AZTV: Dayanıqlı inkişafa diqqət yetirsək, ESG yəni ətraf mühit, sosial və idarəetmə strategiyanızın əsas prioritetləri hansılardır?

- Biz hava yolları, hava limanı və aeronaviqasiya xidmətlərini vahid ESG strategiyası ətrafında birləşdirmişik. Məqsədimiz aşağı karbonlu aviasiya ekosistemi yaratmaqdır. Bu strategiyanın prioritetlərindən biri donanmanın yeni nəsil yanacağa qənaətli təyyarələrlə yenilənməsidir. ESG strategiyamızda "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) rolunu xüsusilə qeyd etmək istəyirəm. Peyk əsaslı müşahidə, kosmik izləmə texnologiyaları vasitəsilə il ərzində yüz minlərlə reys optimallaşdırılır. Bu da marşrutların qısaldılması və yanacaq sərfiyyatının azaldılması deməkdir. Bunun nəticəsində ümumi karbon emissiyası 2,6% azalıb. IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının) dayanıqlılıq proqramına qoşularaq emissiyaların idarə olunması üzrə beynəlxalq standartları tətbiq etməyə çalışırıq. 2050-ci ildədək near-net-zero - sıfıra yaxın emissiya üzrə dekarbonizasiya planımızı formalaşdırmışıq və yaxın zamanda elan edilməsi nəzərdə tutulub.

AZTV: Hər ölkə qlobal təşəbbüslərə qoşula bilmir. Azərbaycan təmsilçisi olaraq qlobal təşəbbüslərdə iştirak AZAL-ın strateji mövqeyinə necə təsir göstərir.

- Qlobal təşəbbüslərdə iştirak AZAL-ı qlobal aviasiya gündəminin bir hissəsinə çevirir. Bu baxımdan COP29 tədbiri bizim üçün vacib platforma oldu. AZAL hava limanlarının iqlim fəaliyyəti sessiyasını təşkil edərək donanmanın yenilənməsi və dayanıqlı aviasiya yanacağına hazırlıq üzrə aparılan fəaliyyətini iştirakçılara təqdim etmişdi. Həmçinin, biz ötən il regionda ilk dəfə keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosasiyasının (IATA) enerji forumuna ev sahibliyi etdik. Bu AZAL-ın regionda aviasiyanın dayanıqlı inkişafına yeni istiqamət verdiyini göstərir. Bununla yanaşı, Hava Limanı “Airport Carbon Accreditation” proqramı üzrə 3-cü səviyyəyə yüksəlib. Bu da Heydər Əliyev Beynəlxalq Hava Limanı üçün və ümumiyyətlə Xəzər regionu və Mərkəzi Asiyada ilklərdən biridir.

 

AZTV: Son illərdə, ümumiyyətlə Heydər Əliyev Beynəlxalq Aeroportunun gəlirlilik dinamikası hansı əsas tendensiyaları göstərir?

- Son 3 il ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı yüksək gəlirlilik dinamikası göstərir. Bu artım əsasən, sərnişin axınının genişlənməsi və yeni istiqamətlərin açılması ilə bağlıdır. 2025-ci ildə aeroport 7 milyondan çox, daha dəqiq desəm, 7,6 milyon sərnişinə xidmət göstərib. Onlardan təxminən 1 milyonu tranzit sərnişinlərdir ki, 2023-cü ildən bəri 3 dəfə artıb.

 

APA: Samir müəllim, bayaq da qeyd etdiniz ki, aeroport bir çox uğurlar əldə edib. Əsas uğurlar və irəliləyişlər nələrdir?

- Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişafını əks etdirən əsas göstəricilərdən biri qazandığı beynəlxalq mükafatlardır. Aeroport nüfuzlu “Skytrax” şirkəti tərəfindən 5 ulduz reytinqinə sahibdir və dəfələrlə “Skytrax”ın “Mərkəzi Asiya və MDB-nin ən yaxşı Hava limanı” mükafatına layiq görülüb. Təhlükəsizlik istiqamətində biz beynəlxalq keyfiyyət standartlarına uyğunluğu təmin etmək üçün xarici tərəfdaşlarla birlikdə çalışırıq. Bu sahədə son uğurumuz Heydər Əliyev Beynəlxalq Aeroportunun “APEX in Safety” təhlükəsizlik üzrə qiymətləndirilməsinin uğurla keçməsidir. Bu isə Beynəlxalq Mülki Aviasiya Təşkilatının - ICAO-nun təhlüksəizlik standartlarına uyğunluğunun göstəricisidir.

 

APA: Hava məkanında optimizasiya uçuşlara necə təsir göstərir?

- Azərbaycanın Avropa və Asiya arasında əsas marşrutlarının kəsişməsində yerləşməsi onu tranzit mərkəzinə çevirir. Bu amil son illərdə getdikcə daha vacib hala gəlib. Bir neçə bölgədə geosiyasi məhdudiyyətlər və hava nəqliyyatının yenidən bölüşdürülməsi baxımından aviaşirkətlərin getdikcə daha çox sabit və proqnozlaşdırıla bilən marşrut kimi Azərbaycan hava məkanını seçməsinə səbəb olub. Qeyri-stabil geosiyasi vəziyyətlər zamanı Azərbaycan hava məkanı daha təhlükəsiz uçuşlar üçün ən uyğun hesab olunduğundan bir çox aviaşirkətlər bizim hava məkanına müraciət edirlər. 2025-ci ildə AZANS hava məkanında 342 mindən çox uçuşu təhlükəsiz şəkildə idarə edib. Marşrutlar optimal şəkildə qurulduğu zaman uçuş müddəti qısalır, gecikmələr minimuma endirilir və yanacaq sərfiyyatı azalır. Bu da daha az əməliyyat xərcləri, həmçinin sərnişinlər üçün daha stabil uçuşlar deməkdir.

 

AZTV: Azərbaycanın bu sahədə region üzrə mövqeyinə baxsaq, ümumiyyətlə ölkəmizin mövqeyi necə inkişaf edir?

- AZANS-da tətbiq edilən müasir texnologiyalar regionda hava hərəkətini daha səmərəli və təhlükəsiz edir. Ölkəmizin hava məkanı idarəçiliyində rolunu gücləndirir və tranzit potensialı artır. Ötən il ərzində Azərbaycan hava məkanında 261 mindən çox tranzit reys həyata keçirilib. Bu 2024-cü illə müqayisədə 36% artım deməkdir. Son 3 ilə nəzər salsaq, tranzit reyslərin sayı 4 dəfə artıb. 2023-cü ildə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birlikdə 2023-2028-ci illər üçün AZANS-ın milli hava məkanı strategiyası hazırlandı. Bu təşəbbüsü ölkənin aeronaviqasiya sisteminin müasirləşməsində mühüm bir addım hesab edirik.

 

AZTV: Bilirik ki, hərbi-siyasi qarşıdurmalar, xüsusilə, İran, İsrail, ABŞ qarşıdurması fonunda Heydər Əliyev adına Beynəlxalq Hava Limanına diqqət artıb və bu gün Azərbaycan hava məkanı ən təhlükəsiz hava məkanlarından biridir. Bir növ “Hava Süveyşi də deyilir, Süveyş kanalı ilə müqayisə olunur. İranın hava məkanının qismən açılması ilə bağlı məlumatlar var və bu gün vəziyyət necədir? Yenə də beynəlxalq uçuşlar Azərbaycan üzərindən həyata keçirilir? Bu proses davam edir?

- Tamamilə doğru buyurursunuz. Kifayət qədər qəliz bir vəziyyətdir. İranın hava məkanının qismən açılması artıq rəsmi şəkildə təsdiqlənib və bu barədə bütün aidiyyati qurumlara məlumat verilib. Mövcud məhdudiyyətlərin mayın 25-dək qüvvədə qalacağı gözlənilir. Hazırda İranın hava məkanında uçuşlar məhdud şəkildə həyata keçirilir. Əsasən yerli aviaşirkətlər və xüsusi icazə alan reyslər bu imkandan istifadə edirlər. Bir çox beynəlxalq aviaşirkətlər isə hələ də ehtiyatlı davranır və həmin hava məkanından istifadəni məhdud saxlayır. Bu şəraitdə Azərbaycanın rolu daha da önə çıxır. Hazırda gündəlik tranzit uçuşların sayı 800-dən çoxdur.

 

APA: Samir müəllim, Bakı-Naxçıvan-Bakı reysləri ilə bağlı bəzən gecikmələr, uçuşların təxirə salınması halları baş verir. Bu reyslərin daha stabil, əlverişli və dəqiq yerinə yetirilməsi üçün AZAL tərəfindən hansı tədbirlər görülür?

- Bildiyiniz kimi hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik 8 müntəzəm reys həyata keçirilir. Sərnişin tələbatından asılı olaraq bu say dəyişə bilir. Məsələn, yay mövsümündə sərnişin axını artdığı üçün uçuşların sayı 16-a qədər artır. Ümumiyyətlə, reyslərin sayında edilən dəyişikliklər həm əməliyyat səmərəliliyi, həm də uçuş təhlükəsizliyi nəzərə alınaraq həyata keçirilir. Kəskin hava şəraiti, gözlənilməz texniki hallar zamanı müəyyən operativ qərarlar qəbul edilir və uçuş cədvəlində müəyyən dəyişikliklər tətbiq edilə bilir. Bir də görürsünüz ki, Bakıdan uçuşlarda təyyarə havaya qalxır və Naxçıvan istiqamətində davam etməkdədir vəartıq Naxçıvana çatdıqda, ümumiyyətlə hava şəraitində dəyişiklik baş verdikdə və eyni zamanda, Naxçıvan Hava Limanının xüsusi relyefli bir ərazidə yerləşdiyini nəzərə alaraq, hava şəraiti təhlükəli hesab edildiyindən ekipaj - uçuş heyəti qərar verir ki, bu təhlükəli hesab olunur və təyyarə qayıtmalıdır. Sözsüz bizim üçün, AZAL üçün prioritet təhlükəsizlikdir və burada heç bir xərcə, heç bir əlavə xərclərə baxmadan birmənalı şəkildə qərar ondan ibarətdir ki, təyyarə qayıtmalıdır, Bakıya eniş etməlidir və hava düzəldikdə həmin reys yenidən yerinə yetirilə bilər.

 

APA: Samir müəllim, hamını maraqlandıran sual – aviabiletlərin qiymətləri ilə bağlı. Bildiyiniz kimi, biletlərin qiymətlərinin yüksək olması ilə bağlı fikirlər var. Səbəbləri sizin dilinizdən eşitmək istərdik.

- Biz sözsüz ki, daim sərnişinlərimizin narahatlığını tam şəkildə anlayırıq və çalışırıq ki, bu mövzuda dəstək olaq. Mövzu bizim diqqətimizdən yayınmır. Amma hesab edirəm ki, AZAL-ı aşağı büdcəli aviaşirkətlərlə müqayisə etmək doğru yanaşma deyil. Çünki AZAL bir şirkət olaraq özünü aşağı büdcəli aviaşirkət kimi mövqeləndirmir. Qiymət formalaşması isə beynəlxalq aviasiya standartlarına uyğun şəkildə həyata keçirilir və AZAL da bu istiqamətdə aparıcı beynəlxalq aviaşirkətlərin tətbiq etdiyi yanaşma və prinsiplərə əsaslanaraq fəaliyyət göstərir. Aviabiletlərin qiymətlərinin formalaşmasına bir neçə əsas amil təsir göstərir. Bunlara ilk növbədə reys üzrə sərnişin sayı, uçuş tarixinə qalan müddət və bazardakı mövcud tələb-təklif dinamikası daxildir. Bütün bu faktorlar beynəlxalq aviasiya praktikasına uyğun şəkildə təhlil olunur və qiymətlər məhz bu parametrlər əsasında formalaşdırılır. Sərnişin üçün ən vacib məsələ şəffaf və əlçatan qiymətdir. Buna görə, erkən rezarvasiya imkanlarını, kampaniyaları, hissə-hissə ödəniş həlləri və sərnişin üçün daha rahat seçimləri genişləndiririk. Biz sərnişinlərə alternativ seçimlər də təqdim edirik. Heydər Əliyev Benəlxalq Aeroportunda digər 40 aviaşirkət müxtəlif istiqamətlərə uçuşlar həyata keçirir və bunların 15-i aşağı büdcəli aviaşirkətlərdir. Statistikaya baxsaq, 2025-ci ildə 1,7 milyon sərnişin aeroportumuzda fəaliyyət göstərən aşağı büdcəli aviaşirkətlərlə səyahət edib. Ümumilikdə isə, bütün aviaşirkətlərin xidmət göstərdiyi sərnişin sayı ötən ildə 3,5 milyonun üzərində olub. Heydər Əliyev Hava Limanında AZAL-ın üzərinə düşən sərnişin payı 49% təşkil edir. Bunun 51%-ni xarici aviaşirkətlər təşkil edir. Onu da qeyd etmək istərdim ki, ümumiyyətlə, əsas məqsədimiz Azərbaycanda turizmin inkişafına töhfə verməkdir. Bu gün Heydər Əliyev Hava Limanı kimi biz digər aviaşirkətlərə, onların sorğularına tam şəkildə açığıq, onlara lazım olan güzəştləri verməyə hazırıq. Əsas məqsədimiz Azərbaycanda sərnişindaşımanın, Azərbaycana gələn turistlərin sayını artırmaqdır.

AZTV: 2024-cü ilin dekabrında çox faciəli bir hadisə baş verdi. AZAL təyyarəsinin vurulması məsələsini nəzərdə tuturuq. Nəhayət, uzun fasilədən sonra, uzun danışıqlar aparıldı. Araşdırmalardan sonra Azərbaycan və Rusiya arasında konkret razılıq əldə olundu ki, Rusiya tərəfi kompensasiyanı ödəyəcək və nəticələr birgə həll olunacaq. Kompensasiyanın ödənilməsi prossesi artıq başlayıbmı və ümumiyyətlə bu prosses necə gedəcək?

- Bəli, artıq Azərbaycan və Rusiya hökumətləri arasında aparılan danışıqlar nəticəsində qəzada həyatını itirmiş Azərbaycan vətəndaşlarının vərəsələrinə Rusiya tərəfindən kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə olunub. Eyni zamanda, əldə olunan razılaşmaya əsasən, qəza nəticəsində AZAL-a dəymiş zərər də Rusiya hökuməti tərəfindən kompensasiya ediləcək. Və ümumilikdə ayrılan vəsaitin Rusiya tərəfindən Azərbaycan tərəfinə köçürülməsi yaxın zamanda planlaşdırılır. Daha sonra isə bizim üzərimizə qalan bu vəsaiti vəfat etmiş şəxslərin vərəsələrinə ödənilməsidir.

- Samir müəlim, təşəkkür edirik vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün.

- Mən də sizə təşəkkür edirəm. Çox xoş oldu.

AZAL Samir Rzayev

Mənbə: lent.az

Xəbər lenti