Yeganə qızının ölümündən sonra 60 yaşında əkiz uşaqlar dünyaya gətirən 76 yaşlı çinli Şen Haylin məşhur bloqçu olub və uşaq itkisi yaşayan minlərlə valideyn üçün dözümlülük simvoluna çevrilib.
Bir vaxtlar Çinin əkizlərin ən yaşlı anası adlandırılan 76 yaşlı Şen Haylin, həyatı haqqında çəkdiyi fotolar seriyası beynəlxalq mükafat qazandıqdan sonra yenidən ictimaiyyətin diqqətini cəlb edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Şenin hekayəsi 2009-cu ildə yeganə qızı Tintin və ərinin dəm qazından zəhərlənməsindən faciəli şəkildə ölməsindən sonra məşhurlaşıb. Uşağını itirdikdən sonra o, süni mayalanmanı seçib və 60 yaşında əkiz uşaqları - qızları Çjiçji və Hueyhueyi dünyaya gətirib.
Hamiləlik çox çətin keçib. Çin mediasının məlumatına görə, Şen doğuşdan əvvəl şiddətli şişkinlik və qanaxma keçirib.
Yüksək risklərə baxmayaraq, 2010-cu ildə o, sağlam qızlar dünyaya gətirib və Çində doğuş edən ən yaşlı qadın olub.
Əkizlərin dünyaya gəlməsi geniş ictimai etirazlara səbəb olub. Bəziləri qadının uşaqlar üçün sabit bir gələcək təmin edə biləcəyinə şübhə ilə yanaşıblar.
Təqaüdə çıxana qədər Şen xəstəxana direktoru, ikinci əri isə universitet professoru işləyib. Lakin, uşaqlarını yaşlı yaşda böyütmək ailə üçün ciddi maliyyə çətinliyi yaradıb.
Qızlarının təhsilini və inkişafını təmin etmək üçün Şen ölkəni gəzərək sağlamlıq və qidalanma mövzusunda mühazirələr oxumağa başlayıb. Bu, ailəyə qızların təhsili, rəqs və fortepiano dərsləri üçün pul ödəməyə imkan verib.
2016-cı ildə Şenin əri insult keçirbi və 2022-ci ildə ürək və ağciyər çatışmazlığından vəfat edib.
Növbəti il qadın fırıldaqçılığın qurbanı olub və saxta investisiyalar səbəbindən iki milyon yuandan çox pul itirib.
Bütün çətinliklərə baxmayaraq, Şen heç vaxt təslim olmayıb. 73 yaşında sosial mediada canlı yayım etməyə başlayıb, uşaq böyütmək, yemək bişirmək və sağlam həyat tərzi ilə bağlı məsləhətlər paylaşıb. O, həmçinin ev və sağlamlıq üçün məhsullar satır.
Bu gün izləyicilərinin dediyi kimi "Ana Şen"in təxminən bir milyon pərəstişkarı var və uşaq itkisini yaşayan valideynlər üçün dəstək simvoluna çevrilib.
"Mən həmişə ana olmaqdan qürur duyacağam", - Şen 100 yaşdan yuxarı yaşamağı arzuladığını əlavə edib.
Ailə faciəsi 60 yaşdan sonra əkiz uşaq doğan qadın




Mənbə: lent.az