Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İrlandiyaya səfəri çərçivəsində bir sıra rəsmilərlə görüşlər keçirib.
Bu barədə "Report"a komitədən məlumat verilib.
Bildirilib ki, İrlandiya Xarici İşlər Nazirliyində Xaricdə Yaşayan İrlandlılarla İş Departamentinin direktoru Karl Qardner ilə keçirilən görüşdə iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin tarixi müzakirə olunub, bu əlaqələrin daha da inkişafında diasporun roluna xüsusi diqqət yetirilib.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin dünya azərbaycanlılarının həmrəyliyini möhkəmləndirməklə yanaşı, müasir Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına da əvəzsiz töhfələr verdiyini vurğulayıb.
K. Qardner xüsusilə xaricdəki Azərbaycan Evləri və bu evlərin nəzdindəki həftəsonu Azərbaycan məktəblərinin təcrübəsinin öyrənilməsinin vacibliyinə diqqət çəkib.
Daha sonra İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Makkormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş baş tutub və diaspor sahəsində ortaq layihələrin həyata keçirilməsi imkanları, eləcə də strateji əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycan icmasının İrlandiyada fəaliyyəti və ölkəmizə dost münasibəti bəsləyən irlandlılarla qurulan güclü əlaqələr daim diqqət mərkəzində saxlanılır.
T. Makkormak isə ikitərəfli görüşlərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyini və bu prosesdə diasporun mühüm rol oynadığını qeyd edib.
Mənbə: report.az