Texnologiya üzrə məşhur BGR nəşri istifadəçiləri ən çox narazı salan qulaqlıq brendlərinin yeni siyahısını yayımlayıb. Reytinq alıcı rəyləri, internet platformalarındakı qiymətləndirmələr və ümumi istifadəçi təcrübəsi əsasında hazırlanıb.
Lent.az bu 8 modeli təqdim edir:
Mütəxəssislər bildirirlər ki, qulaqlıq seçərkən yalnız qiymət və dizayna diqqət etmək düzgün deyil. Rahatlıq, səs keyfiyyəti və etibarlılıq əsas meyarlar hesab olunur. Buna görə də real istifadəçi rəylərinin təhlili uğursuz alış-verişdən yayınmağa kömək edir.
Siyahıda yer alan ilk brendlərdən biri EKSA olub. Bu markanın qulaqlıqları ucuz qiymətə satılsa da, istifadəçilər zəif səs keyfiyyəti, sağ və sol qulaqlıq arasında səs balansının pozulması və keyfiyyətsiz materiallardan şikayət edirlər. Ekspertlər də EKSA qulaqlıqlarının istifadəsi zamanı həm səs keyfiyyətindən, həm də rahatlıqdan narazı qaldıqlarını bildiriblər.
Monoprice brendi münasib qiymətli elektronika məhsulları ilə tanınsa da, qulaqlıq seqmentində keyfiyyət problemləri ilə diqqət çəkir. İstifadəçilər Bluetooth bağlantısının qeyri-sabit işlədiyini, səs keyfiyyətinin zəif olduğunu və cihazların qısa müddətdə sıradan çıxdığını qeyd edirlər.
Ekoloji yanaşması və dizaynı ilə seçilən House of Marley markası da siyahıya daxil edilib. Alıcıların sözlərinə görə, bəzi modellər normal işləsə də, digərləri tez xarab olur və ya zəif səs təqdim edir. Ekspertlər əlavə ediblər ki, bu qulaqlıqlar qısa müddətdə isinməyə başlayır və səs tezlikləri qeyri-sabit olur.
Soul Electronics markası isə əsasən Bluetooth bağlantısındakı problemlər, zəif batareya ömrü və narahat istifadə ilə tənqid edilir. Mütəxəssislər bu qulaqlıqlarda tez-tez bağlantının kəsildiyini və suya qarşı qorunmanın olmadığını bildiriblər.
Cowin markası aktiv səsboğma funksiyası ilə tanınsa da, istifadəçilər bu sistemin zəif işlədiyini deyirlər. Bundan başqa, batareyanın tez boşalması və real göstəricilərin reklam olunan xüsusiyyətlərlə üst-üstə düşməməsi də əsas şikayətlər sırasındadır. Bununla belə, bəzi modellər büdcə seqmentində uğurlu seçim hesab olunur.
Audiophillər arasında məşhur olan Hifiman markası yüksək səs keyfiyyəti ilə seçilsə də, BGR onun yığım keyfiyyəti və davamlılığı ilə bağlı çoxsaylı şikayətlər aldığını vurğulayıb. İstifadəçilər qulaqlıqların ağır olduğunu və bir ildən az müddətdə sıradan çıxa bildiyini bildirirlər.
Premium dizaynı ilə seçilən V-Moda markası isə bağlantı problemləri, zəif səsboğma sistemi və qeyri-sabit səs keyfiyyəti səbəbilə tənqid olunub. Ekspertlər şarj bazasının uğursuz dizayna malik olduğunu və yüksək səsdə musiqinin çölə sızdığını qeyd ediblər.
Siyahının sonuncu markası Razer olub. Oyun aksesuarları ilə məşhur olan şirkətin qulaqlıqları uzun müddətli istifadə zamanı narahatlıq yaratdığı, konstruksiyasının etibarsız olduğu və qiymətinə uyğun səs keyfiyyəti təqdim etmədiyi üçün tənqid edilib. Ekspertlər bildirirlər ki, qulaqlıq alarkən yalnız reklama deyil, real istifadəçi təcrübələrinə və müstəqil test nəticələrinə diqqət yetirmək vacibdir.
Texno qulaqlıq qulaqlıq brendləri







Mənbə: lent.az