"Könüllü Liderlərin İnkişaf Konsepsiyası" (KLİK) proqramının əsas məqsədi yeni nəsil gənc liderlərin yetişdirilməsi və könüllülük sahəsində fəaliyyət göstərən gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsidir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Gənclər Fondu və Azərbaycan Gənclər Təşəbbüsləri İttifaqı tərəfindən həyata keçirilən proqram gənclərin liderlik potensialının üzə çıxarılmasına və onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlib:
"Proqramın ümumi müddəti 6 ay təşkil edir. İlk üç ay ərzində iştirakçılar müxtəlif təlim və sessiyalara cəlb olunacaq, növbəti üç ayda isə təcrübə proqramlarında iştirak edərək əldə etdikləri bilikləri praktik müstəvidə tətbiq etmək imkanı qazanacaqlar. Proqramın qeydiyyat mərhələsində 1000-ə yaxın gənc müraciət edib. Seçim mərhələsinin nəticələrinə əsasən, müraciət edənlər arasından 35 nəfər proqram iştirakçısı qismində müəyyənləşdirilib".
V.Əliyev vurğulayıb ki, proqram könüllülük sahəsində fəaliyyət göstərən gənclərin peşəkar və liderlik bacarıqlarının inkişafına, eləcə də gələcəkdə yeni könüllü liderlərin formalaşmasına mühüm töhfə verəcək.
Mənbə: report.az