IMG-LOGO

Şahin İsmayılov: Azərbaycan Afrika ölkələri ilə siyasi dialoqu intensivləşdirib

25 May 2026 11:39 5 baxış
IMG

Parlament diplomatiyası Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının mühüm istiqamətinə çevrilib.

"Report"un məlumatına görə, bunu Milli Məclisin Azərbaycan–Əlcəzair parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Şahin İsmayılov bu gün Bakıda keçirilən "Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı konfransda bildirib.

Onun sözlərinə görə, son beş il Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə inkişafında mühüm uğurlarla yadda qalıb.

"Bu dövrdə siyasi dialoq intensivləşib, qarşılıqlı səfərlərin sayı artıb və yeni əməkdaşlıq mexanizmləri yaradılıb", - İsmayılov qeyd edib.

O vurğulayıb ki, münasibətlərin möhkəmləndirilməsində parlament rəhbərləri səviyyəsində səfərlər və görüşlər mühüm rol oynayır. Xüsusilə Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair və Mərakeşə, Cibutiyə və Cənubi Afrika Respublikasına rəsmi səfərlər edib. "Bu səfərlər siyasi dialoqun inkişafına və parlament əməkdaşlığının genişləndirilməsinə əhəmiyyətli töhfə verib", - o qeyd edib.

Ş.İsmayılov əlavə edib ki, Əlcəzair, Burundi, Cibuti, Misir, Mərakeş, CAR, Tanzaniya və Zimbabvedən yüksək səviyyəli parlament nümayəndə heyətləri Azərbaycana səfər edib. Bundan başqa, müxtəlif parlamentlərarası təşkilatlar çərçivəsində Efiopiya, Malavi, Namibiya və Syerra-Leone parlamentlərinin sədrləri ilə ikitərəfli görüşlər keçirilib.

Deputat beynəlxalq parlament platformaları çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb: "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri kimi S.Qafarova Afrika parlamentlərinin təşkilatın fəaliyyətində aktiv iştirakına xüsusi əhəmiyyət verir". Bu cür əməkdaşlıq ortaq maraq kəsb edən məsələlərdə birgə fəaliyyət, dialoq və həmrəylik üçün mühüm imkanlar yaradır.

Mənbə: report.az

Xəbər lenti