IMG-LOGO

Avropada Azərbaycanın beynəlxalq məhkəmə əməkdaşlığına töhfəsi yüksək qiymətləndirilib

25 May 2026 12:49 4 baxış
IMG

Lüksenburq şəhərində Avropa Hakimlər Assosiasiyasının növbəti illik toplantısı keçirilib.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev və sədr müavini Sənan Hacıyev iştirak ediblər.

Açılış mərasimi 39 ölkənin nümayəndələrinin iştirakı ilə Avropa İttifaqı Ədalət Məhkəməsində keçirilib. Ötən il Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Asambleyasının Bakıda yüksək səviyyədə keçirildiyinə görə təşkilatın rəhbərliyi tərəfindən Azərbaycan tərəfinə təşəkkür bildirilib.

Daha sonra Assosiyasiyanın işçi qruplarının məruzələri dinlənilərək, üzv dövlətlərdə məhkəmə hakimiyyətinin fəaliyyəti və müstəqilliyinin təminatı ilə bağlı mövcud vəziyyət müzakirə olunub.

Polşada Konstitusiya Məhkəməsinin bir sıra hakimlərinin fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılmasının, Yunanıstanda məhkəməyə hörmətsizlik hallarının qarşısının alınmasının vacibliyinə dair müvafiq qətnamələr qəbul edilib.

Eyni zamanda Macarıstan, Litva, Rumıniya və bir sıra digər dövlətlərdə hakimlərin müstəqilliyi ilə bağlı mövcud problemlərin narahatlıq doğurduğu xüsusilə vurğulanıb.

Asambleyada həmçinin Avropa Hüquq Akademiyasının, Avropa Məhkəmə Şuraları Şəbəkəsinin və Avropa Ədliyyə Təlim Şəbəkəsinin rəhbər heyətlərinin təqdimatları dinlənilib.

Tədbir çərçivəsində təşkilatın rəhbər heyətinin Lüksemburq Böyük Hersoqu V Giyom tərəfindən qəbulu, habelə iştirakçıların Avropa İttifaqı Ədalət Məhkəməsinin fəaliyyəti ilə tanışlığı həyata keçirilib.

Mənbə: report.az

Xəbər lenti