IMG-LOGO

Aleksandar Vuçiç: Ömrümün sonuna qədər prezident kreslosunda oturmaq fikrim yoxdur

25 May 2026 13:40 4 baxış
IMG

Serbiya Prezidenti Aleksandar Vuçiç ömrünün sonuna qədər dövlət başçısı kreslosunda oturmaq niyyətində olmadığını bildirib.

"Report"un Balkan bürosu xəbər verir ki, bununla bağlı Serbiya Prezidenti Çinə səfəri çərçivəsində açıqlama verib.

"Hər şeyin necə işlədiyi məlumdur və əgər istefa versəm, həmin andan etibarən 90 gün ərzində seçkilər keçirilməlidir. Bununla mən mandatı qısaltmış olmuram. Çünki Konstitusiyada bu nəzərdə tutulub. Ömrünün sonuna qədər prezident kreslosunda oturmaq fikrim yoxdur", - o deyib.

Xatırladaq ki, şənbə günü Belqradda Slaviya meydanında böyük etiraz aksiyası keçirilib. Polisin yaydığı məlumata görə aksiyada 34-35 min nəfər iştirak edib. Lakin ictimai tədbirlərdə iştirak sayını monitorinq edən ictimai Toplaşmalar Arxivi bu sayın 180-190 min civarında olduğunu bildirib. Toplaşmalar Arxivindən bildirilib ki, bu, keçmiş Prezident Slobodan Miloşeviçin devrilməsindən sonra Serbiyada keçirilən ikinci ən böyük etiraz aksiyası olub.

"Sən və mən, Slaviya, tələbələr qalib gəlir" adlı mitinq tələbə hərəkatı tərəfindən təşkil edilib. Serbiyanın müxtəlif bölgələrindən fəallar və vətəndaşlar ölkənin dəmir yolu şirkəti "Srbijavoz"un bütün qatar reyslərinin dayandırıldığını elan etməsinə baxmayaraq, təşkilatlanmış şəkildə paytaxta gəliblər.

Təhsil, tibb, kənd təsərrüfatı, istehsalat və mədəniyyət də daxil olmaqla müxtəlif sahələri təmsil edən iştirakçılar izdiham qarşısında çıxış edərək öz sahələri üzrə islahat baxışlarını təqdim ediblər.

Mənbə: report.az

Xəbər lenti