İstismara verildiyi tarixdən indiyədək Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı kəməri ilə təqribən 556 milyon ton Azərbaycan mənşəli neft nəql edilib.
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
BTC neft ixracı boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsindən 21 il ötür.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan BTC neft ixrac kəməri ilə 8 milyon 389,5 min ton neft nəql edilib. Bu, 2025-ci ilin ilk 4 ayının göstəricisinə nisbətən 9,9 % azdır.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,4 %-ni və ya 6 milyon 914,7 min tonunu Azərbaycanda hasil edilən neft, 17,6 %-ini və ya 1 milyon 475,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 10,6 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 6,8 % azalıb.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.
Mənbə: report.az