Əvvəlki illərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqi təxminən 54 % təşkil edirdisə, 2025-ci ilin göstəricilərinə əsasən artıq qadınların əməkhaqqı kişilərin əməkhaqqının 67 %-nə çatıb.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"nın müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu, müsbət tendensiyadır:
"Amma bəzi sahələrdə fərq hələ də qalmaqdadır. Məsələn, tikinti sahəsində qadınların əmək haqqı kişilərin əmək haqqının 52 %-ni, maliyyə sektorunda isə 56 %-ni təşkil edir. Bu göstəricilər beynəlxalq praktikadan aşağıdır".
Spiker Sahibə Qafarova deputatın səsləndirdiyi fikirlərə cavab olaraq bildirib ki, kişilərin və qadınların əməkhaqqında fərqlərin olmasına dövlət sektorunda deyil, özəl sektorda rast gəlinirdi:
"Milli Məclis bu haqda qanunvericiliyə dəyişikliyi qəbul etdikdə də suallar ortaya çıxdı. Ona görə də bu mövzuda danışarkən qadın və kişilərin əməkhaqqında fərqlərin dövlət sektoruna aid olmadığını vurğulamaq mütləqdir".
Mənbə: report.az