IMG-LOGO

Rail Məlikov: "Toral Bayramov üçün Türkiyə Superliqası klubları daha uyğun olardı"

26 May 2026 17:00 4 baxış
IMG

Toral Bayramovun "Qarabağ"dan Türkiyənin I Liqasında çıxış edən "Bursaspor" klubuna transfer olunması yaxşı görünmür.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov deyib.

O, Türkiyənin I Liqasında rəqabətin çox ağır olduğunu qeyd edib:

"Bursaspor" köklü komandadır. Türkiyə Superliqasının çempionu olub. Çox güman, Superliqaya çıxmaq uğrunda oynadıqları üçün yaxşı transferlər edirlər. I Liqaya asan baxmaq olmaz. Azərbaycan Premyer Liqası ilə müqayisədə orada ağır mühit var. Bizdə uzun illər bir komanda - "Qarabağ" hamıdan üstün olubsa, orada 5-6 klub Superliqaya yüksəlmək uğrunda mübarizə aparır. Həmçinin stadionlar, infrastruktur və şərait daha müasirdir. Səfər oyunları üçün uzun yol qət etmək lazım gəlir. Üstəlik, turnirdə güc futboluna daha çox önəm verilir. Aşağı yerlərdə qərarlaşan komandalar liqada qalmaq üçün çox sərt oynayırlar. Bu səbəbdən Toral Bayramovu bizim çempionatdan daha çətin sınaq gözləyir."

Vaxtilə "Dənizlispor"da forma geyinmiş keçmiş müdafiəçi Toral Bayramovun "Qarabağ"dan aşağı liqaya yollanmasını müsbət dəyərləndirmir:

"Neftçi"də kapitan olan vaxt məcburiyyətdən I Liqaya yollanmışdım. Çünki Azərbaycanda "transfer pəncərəsi" 2 gün əvvəl bağlanmışdı və başqa seçimim yox idi. Türkiyədən "Dənizlispor"la yanaşı, "Konyaspor" da təklif göndərmişdi. Lakin Toral üçün belə bir məcburiyyət yoxdur. O, həm "Qarabağ"ın, həm də millinin aparıcı simalarından biridir, fərqli mövqelərdə oynaya bilən universal futbolçudur. Onun üçün Superliqa klublarının təkliflərini dəyərləndirmək daha yaxşı olardı. "Qarabağ" kimi böyük və hegemon komandadan I Liqaya getmək yaxşı görünmür. "Bursaspor" köklü və vaxtilə çempion olmuş klubdur, lakin Toralın niyə bu qərarı verdiyini özündən öyrənmək daha yaxşı olar".

Rail Məlikov Toral Bayramovun yeni komandasında daim şansı qazanmasının asan olmayacağını əlavə edib:

"Heç kim elə düşünməsin ki, ora gedən kimi hər matçda meydana çıxacaq. Türkiyə futbolunda rəqabət çox sərtdir. Özünü doğrultdunsa, oynayacaqsan, əks halda ehtiyat oyunçular skamyasında oturacaqsan. Orada futbolçunun haradan gəlməsinə və keçmiş uğurlarına baxmırlar. Ümid edirəm ki, müqavilədə müəyyən nüanslar nəzərə alınıb. Torala gələcək karyerasında uğurlar arzulayıram".

Xatırladaq ki, "Qarabağ"dan ayrılan Toral Bayramov "Bursaspor"la 3 illik müqavilə imzalayıb.

Mənbə: report.az

Xəbər lenti