IMG-LOGO

İsrail ordusu Livanda əməliyyatı genişləndirir

26 May 2026 21:33 4 baxış
IMG

İsrail Müdafiə Qüvvələri (İMQ) strateji ərazilərə nəzarəti ələ keçirmək məqsədilə Livanın cənubunda hərbi əməliyyatı genişləndirir.

"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Təhlükəsizlik Kabinetinin iclasının əvvəlində bildirib.

"Mənim göstərişimə uyğun olaraq Livandakı əməliyyatı genişləndiririk. İsrail Müdafiə Qüvvələri bölgədə böyük qüvvələrlə fəaliyyət göstərir və strateji əraziləri nəzarətə götürür. Biz İsrailin şimalındakı yaşayış məntəqələrini qorumaq üçün təhlükəsizlik zonasını gücləndiririk", - Netanyahu deyib.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

"Hizbullah" İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İran tərəfindən müharibəyə qoşulduqdan sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ Prezidenti Donald Tramp sonra atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Aprelin 14-də Vaşinqtonda ABŞ-nin himayəsi altında Livan-İsrail təmaslarının ilkin mərhələsi baş tutub. Orada atəşkəs razılaşmasının əldə edilməsi məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livan və İsrailin Birləşmiş Ştatlardakı səfirləri rəhbərlik ediblər.

Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs rejiminin tətbiq olunması barədə razılığa gəldiyini bildirib.

Mənbə: report.az

Xəbər lenti