Avropa İttifaqı (Aİ) Şurası ciddi insan hüquqları pozuntularına, vətəndaş cəmiyyətinin sıxışdırılmasına və sui-istifadə hallarına görə məsuliyyət daşıyan şəxslərə qarşı Rusiyaya tətbiq edilən sanksiyaların müddətini bir il - 2027-ci il mayın 28-dək uzadıb.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında yayımlanan bəyanatda bildirilib.
"Avropa İttifaqı Rusiyada insan hüquqlarının pozulmasını və repressiyaları qətiyyətlə pisləməyə davam edir, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda ölkədə insan hüquqları vəziyyətinin daha da pisləşməsindən ciddi narahatdır", - bəyanatda qeyd olunub.
Məlumata görə, hazırda bu məhdudlaşdırıcı tədbirlər Aİ tərəfindən 72 fiziki şəxsə və bir hüquqi şəxsə şamil edilir.
Sanksiya siyahısına daxil edilən şəxslərin aktivləri dondurulur. Aİ vətəndaşlarına və şirkətlərinə həmin şəxslərə maliyyə vəsaiti təqdim etmək qadağan olunur. Həmçinin fiziki şəxslərə də Aİ ərazisinə giriş və ya üzv ölkələrdən tranzit keçid qadağası tətbiq edilir.
Mənbə: report.az