ABŞ-nin nüfuzlu biznes jurnalı "Forbes" 2026-cı il üzrə 25 yaşadək ən çox qazanan idmançıların reytinqini açıqlayıb.
"Report" xəbər verir ki, siyahıya İngiltərənin "Mançester Siti" klubunda və Norveç millisində çıxış edən Erlinq Holann liderlik edir.
O, son bir il ərzində ümumilikdə 80 milyon ABŞ dolları gəlir əldə edib. Bu məbləğin 60 milyonu idman fəaliyyətindən, 20 milyon dolları isə sponsorluq və reklam müqavilələrindən əldə olunub.
Reytinqdə ikinci yeri ABŞ basketbolçusu Entoni Edvards 69 milyon dollarla tutub. Üçüncü sırada İspaniya tennisçisi Karlos Alkaras 61,5 milyon dollar gəlirlə qərarlaşıb.
Dördüncü yerdə Braziliyalı futbolçu Vinisius Junior (60 milyon dollar) yer alıb. ABŞ basketbolçusu Keyd Kaninqem (58,6 milyon dollar) beşinci, italiyalı tennisçisi Yannik Sinner (54,6 milyon dollar) isə altıncı yerin sahibi olub.
"Forbes"in hesabatına əsasən, siyahı idmançıların həm klub və turnir gəlirlərini, həm də reklam və sponsorluq qazancını əhatə edir.
Mənbə: report.az