İndiyə qədər Azərbaycanda 130 min hektar sahədə müasir suvarma sistemləri yaradılıb, hədəf bu göstəricini 2030-cu ilə qədər 300 min hektara çatdırmaqdır.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev Düşənbədəki su forumu çərçivəsində bildirib.
"Bu, çox ciddi bir vəzifədir. İndiyə qədər tikilənlərdən daha çox müasir suvarma sistemi yaratmalıyıq", - nazirlik nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, bu gün su təhlükəsizliyi beynəlxalq gündəmin əsas mövzularından biridir, kənd təsərrüfatı isə su ehtiyatlarından ən çox asılı olan sahələrdən biri olaraq qalır.
"Kənd təsərrüfatı məhsullarının əsas hissəsi suvarılan torpaqlarda istehsal olunur. Əgər biz kənd təsərrüfatının intensiv inkişafını istəyiriksə, müasir və idarə olunan suvarma sistemlərindən istifadə etmək lazımdır", - Tağıyev deyib.
F.Tağıyev əlavə edib ki, müasir suvarma sistemləri təkcə suya qənaət etməyə deyil, həm də torpaq ehtiyatlarını degradasiya və şorlaşmadan qorumağa imkan verir.
"Təhlil göstərir ki, müasir suvarma sistemlərinin tətbiq olunduğu torpaqlarda məhsuldarlıq iki dəfədən çox artır. Buna görə də bu gün aqrar siyasətin əsasında belə sistemlərin genişləndirilməsi dayanır", - o bəyan edib.
Onun sözlərinə görə, 2020-ci ildən Azərbaycanda Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış su komissiyası fəaliyyət göstərir.
"Su və suvarma infrastrukturu ilə bağlı bütün qərarlar bu komissiyanın nəzarəti altında həyata keçirilir. Yeni suvarma şəbəkələrinin və su anbarlarının tikintisi sürətləndirilmiş tempdə davam etdiriləcək", - Tağıyev deyib.
Mənbə: report.az