IMG-LOGO

Elnur Məmmədov: Azərbaycan Ekvadorun enerji layihələrini dəstəkləyə bilər

27 May 2026 14:33 4 baxış
IMG

Azərbaycan dövlət investisiya fondlarını Ekvadorda enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsinə cəlb edə bilər.

"Report"un məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Ekvadora son səfəri çərçivəsində "Expreso" agentliyinə müsahibəsində bildirib.

"Bizim baxışımız sıx enerji əməkdaşlığını əhatə edir. Dövlət investisiya fondlarımız vasitəsilə Ekvadorun enerji və sənaye infrastrukturuna lazım olan maliyyə resursunu təqdim etmək imkanımız var", - E. Məmmədov Azərbaycan investisiyalarının yerli infrastruktura cəlb edilməsi imkanı barədə suala cavab verərkən deyib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan özünü son dərəcə güclü geosiyasi oyunçu kimi görür və bir çox digər ticarət tərəfdaşlarından fərqli olaraq, Avrasiya regionunun ən böyük suveren fondlarından birini - Azərbaycan Respublikasının Dövlət Neft Fondunu (ARDNF) idarə edir.

Ekvadorla investisiya əməkdaşlığının mümkün istiqamətləri arasında Elnur Məmmədov kənd təsərrüfatını adlandırıb.

"Biz neft-qaz ölkəsiyik, gəlirlərimizin əhəmiyyətli hissəsi məhz bu sahədən gəlir, ona görə də iqtisadiyyatın diversifikasiyasına başlamışıq və qeyri-neft sektorunu fəal şəkildə inkişaf etdiririk. Ekvadorun aqrar-sənaye təcrübəsini nəzərə alaraq, bu sektor ikitərəfli əməkdaşlığımızın ikinci böyük istiqamətinə çevrilir", - o bildirib.

Mənbə: report.az

Xəbər lenti