Yunanıstanda insan yaşamayan Makri adası satışa çıxarılıb. Hazırda onun başlanğıc qiyməti təxminən 286 min ABŞ dolları təşkil edir ki, bu da ABŞ-da orta ev qiymətindən demək olar iki dəfə ucuzdur. ABŞ-da orta yaşayış evi dəyəri 514,6 min dollara çatır.
Lent.az xarici mediaya istinadla bildirir ki, Makri adası İon dənizində yerləşir və Exinad adaları arxipelaqının böyüklüyünə görə beşinci adası hesab olunur. Adanın sahəsi 98 hektardan çoxdur. Makri parçalanmış sahil xətti, mavi suları ilə seçilir və hazırda tamamilə yaşayışsızdır.
Ada hələ 2022-ci ildə elit daşınmaz əmlak şirkətləri vasitəsilə 9,2 milyon dollara satışa çıxarılmışdı. O zaman Makri beşulduzlu otel, şəxsi villalar və lüks istirahət kompleksi üçün ideal məkan kimi təqdim edilirdi. Bildirilirdi ki, ada layihələrin həyata keçirilməsi üçün “yetkin hüquqi baza”, aydın mülkiyyət sənədləri və yeni sahibə sürətli təhvil imkanına malikdir.
Lakin sonradan məlum olub ki, Makri səhvən özəl meşə ərazisi kimi təsnifləşdirilib. Bundan başqa, ada ictimai əhəmiyyətli və xüsusi mühafizə olunan zona daxilində yerləşir.
Makri həmçinin “Natura 2000” ekoloji mühafizə sisteminə daxildir. Bu səbəbdən adada istənilən infrastruktur tikintisi prezident fərmanı ilə təsdiqlənməlidir. Qeyd edilir ki, satışın əsas üstünlüklərindən biri kimi göstərilən tikinti və inkişaf planları faktiki olaraq mümkünsüz vəziyyətə düşüb.
Yerli “Sofokleous10” nəşrinin məlumatına görə, gələcək alıcı adanın yığılmış borclarını və vergi öhdəliklərini də qəbul etməli olacaq. Buraya Yunanıstan dövləti qarşısında azı 23,2 milyon dollar məbləğində borc daxildir.
Bundan əlavə, adada zəruri infrastruktur olan elektrik enerjisi, su təchizatı və tullantıların utilizasiyası sistemi mövcud deyil.
dünyadan xəbərlər adalar ABŞ Yunanistan
Mənbə: lent.az