İranın Ali Təhlükəsizlik Şurası sədrinin müavini Əli Baqeri Moskvada Əfqanıstanın müvəqqəti hökumətində müdafiə naziri vəzifəsini tutan Məhəmməd Yaqubla görüşüb.
"Report" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
"Region ölkələri təhlükəsizlik məsələləri barədə özü qərar verə bilər, başqa dövlətin belə hüququ yoxdur", - o bildirib və ABŞ ilə İsraili müdaxilələrdə təqsirləndirib.
M. Yaqub isə bildirib ki, Əfqanıstanın ərazisi, səması və sərhədləri İran İslam Respublikası üçün təhlükə mənbəyi olmayıb və olmayacaq: "Biz bunu son müharibədə sübut etdik".
Qeyd edək ki, Ə. Baqeri Moskva səfəri çərçivəsində Tehranla Vaşinqton arasında dolayı təmasların davam etdiyini bəyan edib. Bundan başqa, o, İran və Oman arasında Hörmüz boğazından keçidin yeni mexanizminin müəyyən edilməsi ilə bağlı danışıqların aparıldığını xatırladıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Mənbə: report.az