ABŞ ilə İran arasında danışıqlar prosesində irəliləyiş müşahidə olunub.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fədahüseyn Maliki deyib.
"Danışıqlar prosesində əhəmiyyətli irəliləyiş müşayiət olunub və İranın təkliflərinin böyük hissəsi qəbul edilib", - F. Maliki bildirib.
Onun sözlərinə görə, parlamentin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin Qətərə səfəri çərçivəsində İranın dondurulmuş aktivləri də müzakirə edilib: "Maliyyə resurslarının sərbəst buraxılması məsələsində müsbət qiymətləndirmələr qeydə alınıb".
Qeyd edək ki, mayın 27-də Qətər danışıqları barədə məlumat yayılıb və ABŞ ilə İran arasında imzalanacaq memorandumun 14 bənddən ibarət olacağı açıqlanıb.
Mayın 28-də isə "Axios"da ABŞ və İranın anlaşma memorandumu ilə bağlı razılığa gəldiyi barədə informasiya yayılıb.
Mənbə: report.az