IMG-LOGO

Səfir: Son otuz ildə Azərbaycan bütün sahələrdə böyük irəliləyişlər əldə edib

28 May 2026 20:39 3 baxış
IMG

"Qadınlara seçki hüququ Azərbaycanda bir çox Avropa ölkəsindən daha əvvəl verilib".

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev 28 May-Müstəqillik Günü münasibətilə Belqradda keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirib.

Diplomat qeyd edib ki, 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası Şərqdə ilk dünyəvi və demokratik parlament respublikası olub:

"Respublika öz qurucu prinsiplərindən biri kimi bütün vətəndaşların demokratiya və bərabərliyi prinsipini elan edib. 1918-ci il İstiqlal Bəyannaməsi etnik mənşəyindən, dinindən, ictimai vəziyyətindən və ya cinsindən asılı olmayaraq Respublikanın bütün vətəndaşlarının bərabərhüquqlara malik olduğunu bəyan edirdi. Azərbaycanda yaşayan müxtəlif millətlər parlamentdə təmsil olunurdu. Qadınlara seçki hüququ başda olmaqla kişilərlə bərabər hüquqlar verilmişdi. Bu, o dövrün əksər Avropa ölkələrindən daha əvvəl həyata keçirilmişdi".

Səfir diqqətə çatdırıb ki, Azərbaycan Demokratik Respublikasının müstəqilliyi 1920-ci ildə ölkənin Sovet İttifaqına daxil edilməsi ilə başa çatsa da, bu, müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyub:

"Dövlət müstəqilliyi 1991-ci ildə bərpa edilib. Son otuz il ərzində Azərbaycan bütün sahələrdə böyük irəliləyişlər əldə edərək insan hüquqlarına hörmət və hüququn aliliyinə əsaslanan demokratik cəmiyyət quraraq dünyanın ən sürətlə inkişaf edən bazar iqtisadiyyatlarından birini yaradıb, bu da Azərbaycan xalqının iqtisadi rifahına və həyat şəraitinin keyfiyyətcə yüksəlməsinə gətirib çıxarıb".

Mənbə: report.az

Xəbər lenti