IMG-LOGO

Smartfonlar məmurlara qadağan olundu: görsələr, sındıracaqlar

18 Jun 2026 13:43 3 baxış
IMG
3 0

"Taliban" hərəkatı dövlət məmurlarının smartfonlardan istifadəsini tamamilə qadağan edib. Bəzi analitiklər hesab edirlər ki, bu addım gələcəkdə bütün əhali üçün daha geniş məhdudiyyətlərin tətbiqinin başlanğıcı ola bilər.

Lent.az "The Guardian"a istinadla bildirir ki, "Taliban"ın hərbi məhkəmələri tərəfindən yayımlanan göstərişə əsasən, qadağa bu həftədən qüvvəyə minib. Həm yüksək, həm də aşağı rütbəli mücahidlərə, eləcə də xidmət heyətinə mobil telefonlardan istifadə etməyi qadağan edir.

İnternetdə yayılan videolardan birində "Taliban" nümayəndəsinin mobil telefondan qadağa ilə bağlı əmri oxuduğu, digər şəxsin isə smartfonları sındırdığı görünür.

Əmrdə deyilir: "Kim mobil telefondan istifadə etsə, onun telefonu sındırılacaq və həmin şəxs şəriət qanunlarına uyğun cəzalandırılacaq". Sənəddə qeyd olunur ki, istənilən istisna yalnız "Taliban"ın ali lideri Hibətullah Axundzadənin yazılı icazəsi ilə mümkündür.

Yayılan görüntülərdə qadağa elan edildikdən sonra "Taliban" nümayəndələrinin smartfonları sındırdığı əks olunub.

Əfqanıstandan daxil olan məlumatlara görə, bu qadağalar hər yerdə eyni qaydada tətbiq edilmir. Bəzi bölgələrdə yalnız dövlət məmurlarına şamil olunur, bəzi şəhər və vilayətlərdə isə qadınlara, mülki şəxslərə, tibb işçilərinə, müəllimlərə və tələbələrə də tətbiq edilir.

Məhdudiyyətlər "Taliban"ın Əfqanıstanı qlobal internetdən daha da təcrid etmək cəhdlərini gücləndirdiyi bir vaxta təsadüf edir. Ötən ilin sentyabrında hakimiyyət interneti iki gün müddətinə dayandırmış və bunu "əxlaqsızlığın qarşısını almaq" zərurəti ilə əsaslandırmışdı. Nəticədə ölkə üzrə ticarət iflic olmuş, bank sektoru, təcili yardım xidmətləri və aviasiya ciddi problemlərlə üzləşmişdi.

"The Guardian" yazır ki, son qadağanın tətbiq edilməsinə bir neçə amil təsir göstərib. Onlardan biri Herat şəhərində "hicabı düzgün taxmamaq" ittihamı ilə qadın və qızların saxlanılmasından sonra başlayan etiraz aksiyaları olub. Məlumatlara görə, etirazçılara atəş açılıb və azı iki nəfər həlak olub.

Etiraz videolarının internetdə yayılması "Taliban" rəhbərliyini ciddi narahat edib. Əvvəlcə hərəkat hadisəni inkar etsə də, sonradan görüntülər ortaya çıxmağa başlayıb.

Bununla yanaşı, nəşr qeyd edir ki, "Taliban" etirazlardan əvvəl də smartfonlara qarşı mənfi münasibət bəsləyirdi. Buna səbəb daxili məlumat sızmalarından ehtiyatlanmaları və smartfonların dövlət qulluqçularının iş məhsuldarlığını azaltdığına inanmalarıdır.

Əfqanıstanın Herat vilayətində çalışan iki dövlət qulluqçusu bildirib ki, onların idarələrində smartfon qadağası artıq bir neçə aydır qüvvədədir.

Bundan başqa, hökumət daxilində məlumat sızmaları da ciddi problem hesab olunur. Bildirilir ki, bəzi məmurlar sənədlərin şəkillərini çəkərək və ya görüşləri gizli şəkildə qeydə alaraq onları ictimaiyyətə ötürürlər. Bu isə sənədlər ali lider tərəfindən təsdiqlənməzdən əvvəl baş verir.

dünyadan xəbərlər Əfqanistan Taliban smartfon dövlət qulluqçuları

Mənbə: lent.az

Xəbər lenti