Səhər işə gəlirsən, yolda xəbərlərə baxırsan ki, dünyadan xəbərdar olasan. Xəbərlərin bir çoxu isə sosial şəbəkəyə istinadən dərc edilən qalmaqallardan ibarətdir. Keçirsən sosial şəbəkələrə ki, yenə nə oldu, kim-kimi “dalayıb”.
Sanki bir qrup insanın həyatı yalnız başqalarının paylaşımlarından asılı vəziyyətə düşüb. Mütləqdir ki, hər paylaşıma cavab versinlər. Əksər paylaşımların altında eyni insanların rəyi var. Bu qədər enerjini haradan alırlar? Sanki hər deyilən sözə cavab vermək məcburiyyəti hiss edirlər. Kimsə status yazır, mütləq cavab gəlməlidir. Biri tənqid edir, dərhal canlı yayım açılır. Bir paylaşım edilir, ardınca onlarla "story", "repost", videolar, ittihamlar başlayır. Elə bil susmağı unudublar, ya nə bilim bunu artıq zəiflik əlaməti kimi qəbul edirlər. Səbəb nədir?
Nə vaxtdan etibarən hər fikrə cavab vermək məcburiyyətə çevrildi? Nə vaxtdan etibarən insanın dəyəri onun neçə nəfərlə mübahisə etməsi ilə ölçülməyə başladı? Daha qəribəsi odur ki, insanlar artıq təkcə öz həyatlarını deyil, ailələrini, şəxsi münasibətlərini, uşaqlarını, hətta valideynlərini də bu savaşın içinə çəkirlər. Dünənə qədər "ailə dəyərlərindən" danışanlar indi daha çox gündəm olmaq üçün ailə üzvlərini belə rahatlıqla müzakirə mövzusuna çevirirlər.
Bir vaxtlar şəxsi həyat qorunan sərvət idi. İndi isə sanki ən yaxşı kontent məhz şəxsi həyatdır. Kim boşandı, kim xəyanət etdi, kimin övladı nə dedi, kimin ailəsində nə baş verdi... İnsanların faciələri artıq xəbər yox, əyləncə materialına çevrilib. Ən ağrılı tərəfi isə budur ki, bütün bunlar izlənmə və populyarlıq uğrunda edilir.
Bir neçə il əvvəl tanınmaq üçün insanın istedadı olmalı idi. İndi isə qalmaqal kifayətdir. Nə qədər uca tonla, sərt danışsan (bağırsan da oxuya bilərsiniz), nə qədər çox söysən, nə qədər çox təhqir etsən, bir o qədər çox izlənirsən. Algoritmlər də bunu mükafatlandırır. Sosial şəbəkələr sanki belə bir mesaj verir: "Sakit olsan, görünməyəcəksən." Bəlkə buna görə də insanlar daha yüksək səslə danışmağa, daha ağır ifadələr işlətməyə, daha çox qalmaqal yaratmağa çalışırlar? Çünki bilirlər ki, qalmaqal baxış gətirir.
Artıq elə videolarla qarşılaşırıq ki, insan utanır. Bəzən telefonu bağlamaq istəyirsən. Elə sözlər işlədilir ki, onları ailə ilə birlikdə izləmək mümkün deyil. Elə ifadələr səslənir ki, bir vaxtlar küçədə deməyə utanardılar. Bir sözlə gözlərimiz utanır gördüklərimizdən. Zəka onun aşağı dartılmasına inad edir, tərbiyyə bir küncdə qısılıb qalıb. Milyonlarla insanın qarşısında necə rahatlıqla vulqarlıq etmək olar?
Məni bir şey də düşündürür əslində. Biz nə vaxt bu qədər "açıq sözlü" olduq? Əslində isə burada açıq söz yox çılpaq söz demək yerinə düşər. Açıq danışmaq həqiqəti deməkdir. Açıq danışmaq tənqidi mədəni şəkildə ifadə etməkdir. Açıq danışmaq kiminsə şəxsi həyatını ayaqlar altına atmaq deyil. Kimisə ailəsi ilə şantaj etmək, övladını müzakirəyə çıxarmaq, mərhum insanların adından istifadə etmək, xəstəlikləri lağa qoymaq, insanların faciəsini kontentə çevirmək heç deyil. Ən təhlükəlisi isə odur ki, buna artıq öyrəşirik, adi bir hal kimi qəbullanırıq. Gəlin düzünü deyək, son illərdə əksəriyyətimiz ailəmizdən, ətrafımızdan eşitmədiklərimizi ağır söyüşləri
bir paylaşımda görəndə artıq təəccüblənmirik. Canlı yayımda təhqir eşidəndə normal qarşılayırıq. Çoxları isə insanların bir-birini alçaltdığını izləyib əylənir. Və məlum olur ki, biz yox, onlar cəmiyyətə əməlli-başlı təzyiq edib, adiliyi, dəyərsizliyi normalmış kimi qəbul etdirirlər. Bu isə artıq təkcə sosial şəbəkələrin problemi deyil, cəmiyyətin, hər birimizin, doğulmamış uşaqlarımızın problemidir.
Anadolular demiş empati qurmağa çalışdım ki, bunu edənlərin də niyyətini öyrənim, bəlkə yazıqların heç pis məqsədi yoxdu? Maraqlıdır, sosial şəbəkədə məşhur olmaq sizə nə verir? Bir neçə min bəyənmə, bir neçə yüz şərh, bir neçə gün gündəmi zəbt etmək... Bəs sonra? 3 gündən sonra bunların təsir qüvvəsi itir. Yenə başlayacaqsınız kimisə alçaltmağa, söyməyə, böhtan atmağa, ailələri qarşı-qarşıya qoymağa? Doğurdan bunlar üçün dəyərmi? İnsanların yaddaşında söyüşlə qalmaq həqiqətən bu qədər vacibdir? Bəlkə həmin enerjini öz işimizə, peşəmizə, ailəmizə, övladımıza, yeni nəsə öyrənməyə sərf etsək daha qazanclı çıxarıq? Bir şeyi unutmayaq sosial şəbəkədə qazanılan populyarlıq bir günlükdür, itirilən hörmət isə ömürlük.
Səbinə Əvəzqızı sosial şəbəkələrdə populyarlıq sosial media sosial şəbəkələrdə canlılar trend paylaşımlar lik üçün paylaşımlar
Mənbə: lent.az