Son günlər İranın radikal informasiya resursları və saxta ekspertləri yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasına start veriblər.
Onlar Azərbaycan-İsrail münasibətləri kontekstində ölkəmizi ləkələmək məqsədi ilə həm CNN-nin saxta məqaləsinin müzakirəsini davam etdirir, həm də Azərbaycana qarşı tənqidi elementlər tapmağa çalışırlar.
İran mediasında yayımlanan materiallarda Azərbaycana qarşı tənqidi ritorika gücləndirilir, ölkənin xarici siyasəti qərəzli formada şərh olunur və müxtəlif ekspertlərin fikirləri vasitəsilə ictimai rəy formalaşdırmağa cəhd edilir.
"CNN" ətrafında yaradılan informasiya kampaniyası
Müzakirələrin mərkəzində ABŞ-ın CNN telekanalında dərc olunan və anonim mənbələrə istinad edən material dayanır. Həmin yazıda İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı guya Azərbaycanın cənubunda gizli fəaliyyət göstərdiyi iddia olunurdu. Yazıda bu iddiaları təsdiqləyən heç bir açıq sübut təqdim edilməmiş, yalnız anonim mənbələrə istinad edilmişdi.
Baxmayaraq ki, CNN telekanalının İran müharibəsi zamanı İsrailin öz bölmələrini Azərbaycana göndərdiyinə dair yaydığı saxta məlumata rəsmi Bakı çox sərt reaksiya verdi.
Azərbaycan rəsmi dairələri xəbərdə yer alan iddiaların həqiqəti əks etdirmədiyini, heç bir konkret sübuta əsaslanmadığını və jurnalistika prinsipləri ilə bir araya sığmadığını bəyan etdilər.
Azərbaycan Xarici İşlər Nazirliyi də "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunmuş həmin məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassız olduğunu bəyan etdi.
Hətta rəsmi Bakı CNN telekanalından yaydığı saxta məlumata görə Azərbaycandan üzr istəməsini tələb etdi.
Rəsmi təkziblərə baxmayaraq, İranın bəzi media qurumları mövzudan əl çəkmir. Əksinə, "Sahar-Azeri" və "KhabarPU" kimi platformalarda həmin material müxtəlif ekspert şərhləri ilə yenidən gündəmə gətirilir. Bu yanaşmada diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanın rəsmi mövqeyi ya ümumiyyətlə təqdim olunmur, ya da ikinci plana keçirilir.
Bu kampaniyanın əsas təbliğatçısı isə "Zəhər televiziyası"dır...
Cənubi Azərbaycanın əhalisinin 95 faizi Azərbaycan türklərindən ibarətdir. Baxmayaraq ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır, ancaq bu ölkədə fəaliyyət göstərən hər hansı televiziyanın efirində Azərbaycan dilində yayımlanan bir veriliş belə yoxdur. Lakin “Səhər” telekanalının efirində Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə yönələn Azərbaycan dilində verilişlər yayımlanır. Bu telekanal Azərbaycan dövlətinin əleyhinə təbliğat aparmaq, beyinləri zəhərləməklə məşğuldur. Hətta cənublu soydaşlarımız öz aralarında “Səhər” televiziyasını “Zəhər televiziyası” da adlandırırlar. Çünki bu telekanal Azərbaycan dövlətini, xalqını və dövlətçiliyini tamamilə sistemli şəkildə hədəf alıb. Görünən odur ki, bu telekanalın yaradılmasının əsas məqsədi də məhz bundan ibarətdir.
Bir vaxtlar CNN İran əleyhinə də məlumatlar yayırdı, indi İran nəyə görə “CNN”in məlumatlarını tutarlı hesab edir?
Bunu Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Lent.az-a açıqlamasında bildirib:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici xsiyasət kursunun prioritet istiqaməti ilk növbədə ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər formatının öz daxilində prioritet istiqaməti isə qonşlularla münasibətlərdir. Bu konteksdə məsələyə qiymət versək, Azərbaycan Respublikasının xarici siyasətində qonşularla, o cümlədən İranla münasibətlər xüsusi çəkiyə malikdir. Azərbaycan həmişə qonşu İran dövləti ilə mehriban münasibətlərin qorunub, saxlanılmasına maraqlı olub. Nəzərə alsaq ki, İranda on milyonlarla soydaşımız yaşayır, onların taleyi ilə bağlı məsələlər ölkəmiz üçün vacibdir.
İran tərəfindən bu münasibətlərimizin səviyyəsinə ara-sıra xələl gətirən addımlar atılsa da, Azərbaycan bütün bu reallıqlar fonunda münasibətlərimizdəki tarazlığın qorunub-saxlanılmasına maraqlıdır. Lakin təəssüf ki, İranda müəyyən siyasi dairələr, ekspertlər və kütləvi informasiya vasitələri, o cümlədən "Sahar-Azeri" kanalı gecə-gündüz anti-Azərbaycan təbliğatı aparırlar. Xüsusən də CNN kimi saxta media agentliklərinə istinadla qərəzli məlumatları tirajlayırlar. Məlum oldu ki, CNN-in Azərbaycan-İsrail münasibətləri ilə bağlı yalan, iftira məlumatları müəyyən anti-Azərbaycan dairələri vasitəsilə reallaşdırılıb.
CNN dəfələrlə İran əleyhinə də təxribatçı davranışlar sərgiləyib, saxta məlumatlar yayıb. Onda İran da CNN-i tənqid edirdi, indi nə oldu ki, CNN-in verdiyi məlumatlar İran üçün Quran ayəsinəmi çevrildi? Hesab edirəm ki, İran tərəfi Azərbaycan dövlətinin mehriban və sədaqətli davranışının fərqində olmalıdır”.
CNN-in yalanını müzakirəyə çıxaranların məqsədi nədir?
Hamıya aydındır ki, CNN-nin məlum məqaləsi Azərbaycan-İran münasibətlərini pozmağa xidmət edir. CNN-də yer alan qondarma iddialar onu deməyə əsas verir ki, Azərbaycan-İran münasibətlərinin ənənəvi dostluq və qardaşlıq ruhunda davam etməsi hansısa qüvvələri narahat edir və onlar bu cür yalan iddialarla iki dost dövlət, dost xalq arasında münasibətləri süni şəkildə gərginləşdirməyə çalışırlar.
İranın daxilində də iki ölkə arasında münasibətləri pozmağa çalışan təxribatçılar az deyil. Bunun nəticəsidir ki, Azərbaycanın rəsmi mövqeyinə baxmayaraq İranın bəzi radikal informasiya şəbəkələri və ekspertləri CNN-in yaydığı saxta məlumatı yenidən gündəmə gətirməyə başlayıblar, Azərbaycana qarşı qarayaxma kampaniyasına start veriblər.
Azərbaycanın mövqeyi
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan bütün qonşularla mehriban münasibətlərin tərəfdarıdır və öz ərazisinin üçüncü dövlətlərə qarşı istifadəsinə imkan vermir. Bu mövqe həm Xarici İşlər Nazirliyi, həm də digər rəsmi qurumlar tərəfindən müxtəlif vaxtlarda təkrar ifadə olunub.
Bununla yanaşı, Azərbaycan İsraillə olduğu kimi, İranla da münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında inkişaf etdirilməsinin tərəfdarı olduğunu vurğulayır.
Anti-Azərbaycan ritorikasının məqsədi
Müşahidələr göstərir ki, son günlər İranın bəzi media resurslarında Azərbaycanın adının daha çox mənfi kontekstdə hallandırılması təsadüfi xarakter daşımır. Təsdiqlənməmiş iddiaların yenidən gündəmə gətirilməsi, rəsmi təkziblərin nəzərə alınmaması və eyni narrativlərin müxtəlif platformalarda təkrarlanması Azərbaycana qarşı mənfi ictimai rəy formalaşdırmağa yönəlmiş koordinasiyalı informasiya kampaniyası təsiri bağışlayır.
Ekspertlər hesab edirlər ki, belə hallarda informasiyanın etibarlılığı anonim mənbələrə deyil, rəsmi açıqlamalara, sübutlara və müxtəlif tərəflərin mövqeyinin balanslı təqdim edilməsinə əsaslanmalıdır. Əks halda, media materialları informasiya vasitəsindən daha çox siyasi təsir alətinə çevrilə bilər.
İran-Azərbaycan münasibətləri anti-Azərbaycan kampaniyası saxta xəbərlər Sahar-Azer KhabarPU Cənubi Qafqaz media manipulyasiyası İran mediası


Mənbə: lent.az