IMG-LOGO

Məzunlar iş tapmır - "Tələbələr təcrübəyə göndərilsinlər"

01 Jul 2026 14:38 5 baxış
IMG
4 0

Universitetlər yekunlaşdı, onminlərlə sonuncu kurs tələbələri diplomlarını alıb, əmək bazarına yollanırlar. Bu proses hər il təkrarlanır, lakin narahatedici məqam odur ki, bir ordu qədər gənc təcrübəsizlik səbəbindən özünə, öz ixtisasına uyğun iş tapa bilmir. İşəgötürənlər təcrübəli şəxslərlə işləmək istədikləri üçün yeni məzunların bir çoxu yenə də kənarda qalırlar.

Bəs illərdir davam edən bu problemin həll yolu nədir? Savadlı gənclərin işlə təminatına necə şərait yaratmaq lazımdır? Bu kimin öhdəliyindədir?

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, bu məsələdə yeganə çıxış yolu universitetlərin işəgötürənlərlə əməkdaşlıq qurmasıdır:

“Mən dəfələrlə bu məsələni qaldırmışam. Tələbələr iş təcrübəsi ilə bağlı zaman-zaman müxtəlif problemlər yaşayırlar. Bu məsələdə yeganə çıxış yolu universitetlərin işəgötürənlərlə əməkdaşlıq qurmasıdır. Lakin davamlı olaraq tərəflərin bir-birini ittiham etdiyinin şahidi oluruq.

Məsələnin mahiyyəti ondadır ki, məzunun heç bir təcrübəsi yoxdursa, işəgötürən onu niyə əməkdaş kimi qəbul etməlidir? Universitetlərin işəgötürənlərlə əlaqələri, birgə layihələri olsa, bu problem həllini tapar. Təəssüf ki, hazırda bu istiqamətdə ciddi addımlar atılmır, ona görə də tələbələr universiteti bitirəndən sonra iş tapmaqda çətinlik çəkirlər.

Mən düşünürəm ki, universitetdə tədris iki istiqamətdə olmalıdır. Tələbələr günün bir hissəsini universitetdə, digər hissəsini isə ixtisaslarına uyğun iş yerlərində - məktəbdə, zavodda, fabrikdə, xəstəxanada və s olmalıdırlar. Əminəm ki, bu sistem qurulsa, gənclərimiz əziyyət çəkməzlər. İşəgötürənlərin təcrübə istəmələri təbii prosesdir. Burada qarşı tərəfi də günahlandırmaq düzgün deyil. Çünki onlar da təcrübəli insanları işə götürməyə çalışırlar. Bir sözlə, tələbələrin universitetdən sonra iş mühitinə asanlıqla düşmələri üçün universitetlərin bu sistemə uyğunlaşması lazımdır.

Dövlət Məşğulluq Agentliyi insanları işlə təmin etmək üçün müəyyən addımlar atsa da, məsələnin tam həlli universitetdən başlayır. Tələbə hələ məzun olmamışdan əvvəl təcrübəyə sahib olmalıdır ki, universiteti bitirəndən sonra müəyyən qədər iş təcrübəsi olsun”.

Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a açıqlamasında qeyd edib ki, üçüncü kursdan etibarən tələbələr təcrübəyə göndərilməli, onlara əməkhaqqı verilməlidir:

“Tələbələr məzun olduqdan sonra iş yerlərinə müraciət edəndə onlardan müəyyən təcrübə tələb olunur. Düşünürəm ki, universitetlər tədris ili müddətində tələbələrinə bu sahədə imkan yaratmalıdırlar. Mən hər zaman təklif edirəm ki, üçüncü kursdan etibarən tələbələr təcrübəyə göndərilsinlər, həmin dövrdə onlara əməkhaqqı hesablansın, eləcə də əmək kitabçalarında təcrübə keçmələri ilə bağlı qeyd aparılsın. Belə olduqda onlar hərhansısa iş yerinə müraciət edəndə onların bir-iki il təcrübələri olsun.

Hər il onminlərlə gənc məzun olub, əmək bazarına buraxılır. Pedaqoji istiqamətdə təhsil alanlar müəllimlərin işə qəbulu üzrə, bəziləri isə dövlət qulluğu imtahanına hazırlaşıb, qəbul olurlar. Lakin onlar ümumi məzunların müəyyən faizini təşkil edirlər. Kifayət qədər iş tapa bilməyən gənclər var. Problemin həllinə ilk növbədə universitetlər maraqlı olmalıdırlar”.

tələbə universitet işsizlik məzun

Mənbə: lent.az

Xəbər lenti