Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən təhsil eksperti kimi tanınan Əşrəf Əşrəflinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.
Şahid H.R ölkə xaricində olduğundan onlayn dinləmə keçirilib. Şahid Türkiyədə təhsil almaq üçün təqsirləndirilən Ə.Əşrəfliyə müraciət etdiyini bildirib:
"Bizə demişdi ki, cavab gəlməyini gözləyirəm, bir ay içində məsələnizi həll edəcəm. Türkiyəyə gəldikdən sonra Əşrəflə əlaqə saxlaya bilmədik. Sonradan onun həbs olunduğu məlum oldu".
Məhkəmə sənədlərin tədqiqi mərhələsinə keçdiyini bildirib.
Növbəti proses 16 iyul saat 17:00-a təyin olunub.
İttiham aktına görə, Əşrəf Əşrəfli Soner Kuçker adlı vətəndaşdan 34 000 manat alıb ki, onu Tibb Universitetinə tələbə kimi qəbul edəcək. Digər zərərçəkən Səbinə Abdullayeva isə övladını İspaniyada universitetə qəbul etdirmək üçün Əşrəf Əşrəfliyə 5100 manat pul verib. Səbinə Abdullayeva çıxış edərək bildirib ki, Əşrəf orta ixtisas təhsili ilə 2 diplomlu müəlliməni aldatdı.
Xatırladaq ki, Əşrəf Əşrəfli bundan qabaqda Yasamal rayonu ərazisində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 12 nəfərin 35 min manat pulunu ələ keçirib.
Belə ki, o, yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında yaratdığı "set.az", "ashrafli.az", "xaricde.com" saytları və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən "Ş.Group", "AConsalting.az", "Press.Legal", "İHA.AZ", "SET" xaricdə təhsil şirkətlərinin rəhbəri kimi təqdim edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
HadisələrMənbə: lent.az