IMG-LOGO

İyulda Avropada istirahət üçün ən yaxşı məkanlar

03 Jul 2026 12:54 3 baxış
IMG
23 0

Yay tətilinin ən qızğın dövrü hesab edilən iyul ayı hələ də Avropada səyahət üçün ən populyar vaxt olaraq qalır. Ailələr, məktəblilərin və tələbələrin tətilə çıxması səbəbindən məhz bu ayı seçirlər. Mütəxəssislər bildirirlər ki, 2026-cı ildə turistlər əvvəlki illərlə müqayisədə tətil istiqamətini seçərkən daha diqqətli davranırlar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, səyahət mütəxəssislərinin sözlərinə görə, insanlar artıq yalnız məşhur kurortlara üstünlük vermir. Onlar rahatlıq, turist sıxlığı, iqlim və ümumi istirahət təcrübəsini də nəzərə alırlar. Buna baxmayaraq, Cənubi Avropa günəşli havası və canlı yay atmosferi ilə yenə də ən çox seçilən bölgələrdən biri olaraq qalır. Eyni zamanda, bir çox turist klassik çimərlik istirahətini daha sərin və sakit istiqamətlərlə birləşdirməyə başlayıb.

Sloveniya

Macəra səyahətləri üzrə mütəxəssis Sem Brüs turistlərə Qərbi Avropanın izdihamlı kurortlarından daha çox Şərqi Avropaya üz tutmağı tövsiyə edir. Onun sözlərinə görə, Sloveniyanın ərazisinin təxminən 60 faizi meşələrlə örtülüb və bu ölkə Avropanın ən yaşıl məkanlarından biridir. Xüsusilə firuzəyi rəngi ilə seçilən Soça çayı vadisi diqqət çəkir.

Mütəxəssislər bildirirlər ki, bu bölgə gözəlliyinə görə Fransa və Avstriya Alplarından geri qalmır, lakin burada turist sayı xeyli azdır. İyul ayında ölkənin simvoluna çevrilmiş Bled gölü daha çox ziyarətçi qəbul etsə də, Bohin gölü və Triqlav Milli Parkında yerləşən Boves şəhəri su idmanı və aktiv istirahət sevənlər üçün ideal seçim hesab olunur.

Monteneqro

Sem Brüs Monteneqronun hələ də Qərb turistləri tərəfindən kifayət qədər qiymətləndirilmədiyini deyir. Bu ölkə Adriatik sahillərindəki çimərlikləri, dağları, mavi gölləri və qədim şəhərləri ilə fərqlənir. Mütəxəssis Avropanın ən dərin kanyonu sayılan Tara çayında raftinq etməyi tövsiyə edir. Bundan başqa, UNESCO-nun Dünya İrsi

Siyahısına daxil edilən Durmitor Milli parkı da təbiət həvəskarları üçün ən maraqlı istiqamətlərdən biri hesab olunur. Burada avtomobil hərəkəti yoxdur və ərazi yürüş, alpinizm və təbiət mənzərələri ilə seçilir.

Norveç

İyul ayında sərin hava axtaranlar üçün Norveç ən yaxşı seçimlərdən biridir. Sem Brüs bildirir ki, yayın ortalarında burada uzun gündüz saatları, möhtəşəm fyordlar və vəhşi təbiət unudulmaz təəssürat yaradır. Onun sözlərinə görə, fyordlarda kayak turları turistlərin ən çox sevdiyi fəaliyyətlər sırasındadır və ölkəyə gələnlərin çoxu yenidən qayıtmağı planlaşdırır.

Hotel Planner şirkətinin rəhbəri Tim Hentşel də Norveçin iyul ayında rahat temperaturu və uzun gündüzləri ilə aktiv istirahət və təbiət həvəskarları üçün ideal məkan olduğunu vurğulayır.

İtaliyanın Apuliya bölgəsi

Mütəxəssislər xəbərdarlıq edirlər ki, iyul ayında burada hava kifayət qədər isti olur. Lakin isti havanı sevənlər üçün Apuliya İtaliyanın daha məşhur turizm şəhərlərinə yaxşı alternativ sayılır. Son illərdə "yeni Toskana" kimi tanınan Apuliya ağ rəngli şəhərləri, Adriatik sahilləri və zəngin yerli mətbəxi ilə turistlərin marağını cəlb edir.

Tim Hentşelin sözlərinə görə, Apuliya Roma və Florensiya kimi sıx turist axını olan şəhərlərlə müqayisədə daha sakit atmosfer təqdim edir. Burada həm çimərlik istirahəti, həm tarixi memarlıq, həm də ənənəvi İtaliya mətbəxindən zövq almaq mümkündür.

Travel Avropa yay tətili Sloveniya Monteneqro Norveç İtaliya

Mənbə: lent.az

Xəbər lenti