IMG-LOGO

Yayda hər kəsin geyindiyi bu ayaqqabı təhlükəli ola bilər

04 Jul 2026 15:26 3 baxış
IMG
0 0

Yay aylarında ən çox istifadə edilən ayaqqabılardan biri olan barmaqarası şlapanlar (vyetnamkalar) rahat görünsə də, mütəxəssislər onları uzun müddət geyinməyi məsləhət görmürlər. Ortopedlərin sözlərinə görə, bu ayaqqabılardan davamlı istifadə ayaqlarda narahatlıq, pəncə problemləri, barmaq deformasiyası və zədələnmə riskinin artmasına səbəb ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yay mövsümündən sonra nazik barmaqarası şlapan geyinən bir çox pasiyent daban ağrısı və ayaq əzələlərində gərginlikdən şikayət edir.

Ən çox rast gəlinən problemlərdən biri plantar fassiit adlanan xəstəlikdir. Bu, ayaq tağını dəstəkləyən toxumanın iltihabıdır və güclü daban ağrılarına səbəb ola bilər.

Ayağa kifayət qədər dəstək vermir

Barmaqarası şlapanlar ayağı kifayət qədər sabit saxlamır və pəncəni dəstəkləmir. Gəzərkən ayaqqabının ayaqdan çıxmaması üçün insanlar barmaqlarını daha çox sıxmağa məcbur olurlar. Bu isə zamanla əzələlərə, bağlara və vətərlərə əlavə yük salır. Belə ayaqqabıların uzun müddət geyinilməsi xroniki ağrılara, iltihaba və ayaq barmaqlarının formasının dəyişməsinə səbəb ola bilər.

Zədə və infeksiya riski artır

Barmaqarası şlapanlar ayaqları xarici təsirlərdən kifayət qədər qorumur. Bu səbəbdən kəsiklər, infeksiyalar, isti səthlərdən yanıq və yerdəki iti əşyalar nəticəsində yaranan zədələr daha çox baş verə bilər. Bu risk xüsusilə şəkərli diabet və qan dövranı problemləri olan insanlar üçün daha təhlükəlidir.

Hündürdaban barmaqarası şlapanlar daha risklidir

Həkimlər hündürdaban barmaqarası şlapanların daha təhlükəli olduğunu da bildirirlər. Belə ayaqqabılar adi şlapanların qeyri-sabitliyini dabanın hündür olması ilə birləşdirir. Nəticədə ayağın ön hissəsinə düşən yük artır, barmaqların vəziyyəti dəyişə bilər və burxulma, çıxıq kimi zədələrin yaranma ehtimalı yüksəlir.

Barmaqarası şlapanlardan tamamilə imtina etmək lazımdır?

Ortopedlər hesab edirlər ki, bu ayaqqabılardan tamamilə imtina etməyə ehtiyac yoxdur. Onlar çimərlikdə, hovuzda və qısa müddətli istifadə üçün uyğun seçimdir. Lakin uzun gəzintilər və gündəlik istifadə zamanı dabanı sabit saxlayan, ayaq tağını dəstəkləyən ortopedik xüsusiyyətlərə malik ayaqqabılara üstünlük vermək tövsiyə olunur.

Sağlıq yay ayaqqabısı ayaq sağlamlığı daban ağrısı

Mənbə: lent.az

Xəbər lenti