IMG-LOGO

Yumurtalı toyuq şorbası - RESEPT

06 Jul 2026 11:59 2 baxış
IMG
0 0

Sadə və ləzzətli yumurtalı toyuq şorbası qısa vaxtda əlçatan ərzaqlarla hazırlaya biləcəyiniz ideal ilk yeməkdir. Şorba həm doyumludur, həm də ətirli və qidalıdır.

Lent.az toyuq şorbasının reseptini təqdim edir:

Lazım olan ərzaqlar

400 qram toyuq əti (file, döş və ya bud əti)

3-4 ədəd kartof

1 ədəd soğan

1 ədəd kök

2 ədəd yumurta

1 xörək qaşığı bitki yağı

1 ədəd dəfnə yarpağı

Duz

Qara istiot

Şüyüd və cəfəri

1,2 litr su

Hazırlanma qaydası

Toyuq ətini yuyub porsiya hissələrinə doğrayın. Kartof, soğan və kökü təmizləyib yuyun. Kartofu orta ölçülü kub formasında doğrayın. Soğanı xırda doğrayın, kökü isə iri gözlü sürtgəcdən keçirin.

Göyərtini xırda doğrayın

Tavada bitki yağını orta odda qızdırın və soğanla kökü yumşalana qədər qovurun. Yumurtaları çəngəl və ya çırpıcı ilə yaxşıca çalın. Toyuq ətinin üzərinə soyuq su tökün və qaynamağa qoyun. Qaynadıqdan sonra əmələ gələn köpüyü yığın və əti 20-25 dəqiqə bişirin. Daha sonra kartofu əlavə edib 10 dəqiqə bişirin. Ardınca qovrulmuş soğan və kökü, dəfnə yarpağını, duzu və qara istiotu əlavə edin.

Şorbanı qarışdıra-qarışdıra çalınmış yumurtanı nazik axınla içinə tökün. Sonda doğranmış göyərtini əlavə edin, ocaqdan götürün və qazanın qapağını örtərək 5-10 dəqiqə dəmlənməyə qoyun. İstəyə görə şorbaya az miqdarda vermişel də əlavə edə bilərsiniz.

Nuş olsun!

Mətbəx toyuq resept yemək reseptləri

Mənbə: lent.az

Xəbər lenti