Avstraliyanın Queensland Universiteti və beynəlxalq tərəfdaşlarının apardığı araşdırma nəticəsində hazırlanmış yeni R8Y adlı eksperimental preparat motor neyron xəstəliyinin (ALS/MND) müalicəsində mühüm irəliləyiş vəd edir.
Lent.az xəbər verir ki, alimlərin fikrincə preparatın uğurlu klinik sınaqları nəticəsində yaxın beş il ərzində bu ölümcül xəstəliyi idarəolunan xroniki xəstəliyə çevirmək mümkün ola bilər.
Tədqiqat zamanı alimlər immun sistemində iltihab proseslərinə təsir göstərən C5aR2 adlı reseptorun quruluşunu ilk dəfə dəqiq müəyyən ediblər. Məhz bu kəşf R8Y molekulunun hazırlanmasına imkan verib. Tədqiqatçılar bildirirlər ki, preparat sinir hüceyrələrinin zədələnməsinə səbəb olan iltihab prosesini zəiflədə bilər.
Mütəxəssislərin sözlərinə görə, bu yanaşma təkcə motor neyron xəstəliyi üçün deyil, həm də Parkinson xəstəliyi və Alzheimer xəstəliyi kimi digər neyrodegenerativ xəstəliklərin müalicəsi istiqamətində yeni imkanlar aça bilər. Bununla belə, preparatın geniş istifadəyə verilməsi üçün əvvəlcə insanlar üzərində klinik sınaqların uğurla başa çatdırılması tələb olunur.
xəstəlik
Mənbə: lent.az