Bəzi insanların evi hər zaman səliqəli və təmiz görünür, digərlərində isə yığışdırdıqdan cəmi bir neçə saat sonra yenidən qarışıqlıq yaranır. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi nə vaxt azlığı, nə də əşyaların çoxluğudur. Əsas fərq gündəlik vərdişlərdə və əşyaların necə təşkil edilməsindədir.
Qarışıqlığın əsas səbəbi nədir?Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, evdəki qarışıqlıq adətən böyük təmizlik edilmədiyi üçün deyil, gün ərzində yığılan xırda vərdişlər səbəbindən yaranır.
Əşyaların daimi yeri olmadıqda onlar masa, rəf, divan və ya komodun üzərində müvəqqəti saxlanılır. Zaman keçdikcə isə bu xırda detallar ümumi qarışıqlığa çevrilir.
Səliqəli evlərdə isə sadə bir qayda tətbiq olunur: hər əşyanın öz yeri olur və istifadə edildikdən dərhal sonra həmin yerə qaytarılır.
"Bir səth" qaydası nədir?Məkanın təşkili üzrə mütəxəssislər "bir səth qaydası" adlanan sadə üsulu tövsiyə edirlər.
Bu qaydaya görə, hər otaqda bir əsas səth seçilir və həmin yer ya tamamilə boş saxlanılır, ya da yalnız müəyyən məqsəd üçün istifadə edilir.
Bu səth aşağıdakılardan biri ola bilər:
Mətbəx dəzgahı, iş masası, çarpayının yanındakı tumb, dəhlizdəki rəf.
Digər səthlərdə isə lazımsız əşyaların yığılmasına imkan verilməməlidir.
Bu qayda necə tətbiq olunur?Mütəxəssislər iki üsul təklif edirlər.
Birinci üsul təmiz səth prinsipidir. Bu zaman seçilmiş yer tamamilə boş saxlanılır və üzərində yaranan hər bir əlavə əşya dərhal yığışdırılır.
İkinci üsul isə idarə olunan səth adlanır. Bu halda yalnız gündəlik istifadə olunan əşyaların həmin səthdə saxlanmasına icazə verilir, lakin onlar səliqəli şəkildə yerləşdirilməlidir. Hər iki yanaşmanın məqsədi vizual qarışıqlığı azaltmaqdır.
Niyə bu üsul effektiv sayılır?Psixoloqlar bildirirlər ki, insan beyni dağınıq mühiti tamamlanmamış işlər kimi qəbul edir. Masaların və digər səthlərin üzərində çoxlu əşyanın olması hətta təmiz evdə belə gərginlik hissi yarada bilər.
Bir səth qaydası isə bir neçə üstünlük verir. Vizual qarışıqlığı azaldır, əşyaları yerinə qoymaq vərdişini formalaşdırır, tez-tez ümumi təmizlik etməyə ehtiyacı azaldır və evdə nizam-intizam hissini gücləndirir. Üstəlik, bu üsul çox vaxt tələb etmir. Gündə cəmi bir neçə dəqiqə ayırmaq kifayətdir.
Səliqəyə stresssiz necə başlamaq olar?Mütəxəssislər ilk olaraq evdə ən tez qarışan yeri seçməyi məsləhət görürlər. Bu, adətən mətbəx dəzgahı və ya iş masası olur.
Sonra isə bir neçə sadə qaydaya əməl etmək kifayətdir. Əşyaları "sonra yığışdıraram" deyə kənara qoymayın, istifadə etdikdən dərhal sonra yerinə qaytarın, hər gün seçdiyiniz səthi bir neçə dəqiqə ərzində qaydaya salın və bütün evi eyni anda yığışdırmağa çalışmayın.
Mütəxəssislərin fikrincə, ideal təmiz evlə daim dağınıq ev arasındakı əsas fərq böyük zəhmətdə deyil, düzgün qurulmuş sistemdədir. Gündəlik kiçik vərdişlər zamanla daimi səliqənin formalaşmasına kömək edir.
təmizlik evMənbə: lent.az