IMG-LOGO

Azərbaycanda bu “arıqlama” məhsullarında təhlükəli maddə AŞKARLANDI - VİDEO

07 Jul 2026 18:23 2 baxış
IMG
0 0

Arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsulları ilə bağlı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər zamanı ciddi qanun pozuntuları müəyyən edilib. 

Lent.az bu məhsulları təqdim edir:

Monitorinqlər çərçivəsində "Slimluxcoffee-ariqladici kofe", "Vellara.baku" və "Spirulina-azerbaijan-official" "Instagram" sosial şəbəkə hesablarından əldə edilən məhsul nümunələri laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina"  "Vellara Form Coffee" və "Vellara Form Tea" məhsullarında qida məhsullarında istifadəsinə yol verilməyən insan sağlamlığı üçün təhlükəli sibutramin maddəsi aşkarlanıb. Sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda, ciddi psixi pozuntulara səbəb ola bilər. Sibutraminin qida məhsullarının, eləcə də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır.

Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də, sonradan sosial şəbəkələr üzərindən qanunsuz satışa çıxarılıb. Bu məhsulların ölkəmizə idxalına qadağa qoyulması ilə bağlı istehsalçı ölkənin səlahiyyətli qurumlarına da rəsmi müraciət ünvanlanıb.

Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına məktublar göndərilib. AQTA vətəndaşları sosial şəbəkələr vasitəsilə qanunsuz satılan, heç bir sənədi mövcud olmayan, mənşəyi və təhlükəsizliyi barədə etibarlı məlumat təqdim olunmayan “arıqlama” məhsullarından istifadə etməməyə çağırır.

Sosial arıqlama dərmanları

Mənbə: lent.az

Xəbər lenti