İyulun 6-da 80 yaşı tamam olan Hollivud ulduzu Silvestr Stallone aktiv həyat tərzi ilə diqqət çəkir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktyor həm yeni film layihələrində çəkilir, həm də sevimli məşğuliyyətlərindən əl çəkmir. O, hələ də müntəzəm olaraq qolf oynayır və rəsm çəkməyə vaxt ayırır.
"80 yaşında Stallonenin əsas marağı rəssamlıqdır. Evində möhtəşəm emalatxanası var və rəsm çəkmək onun həyatının ayrılmaz hissəsidir. Hər hansı obrazı canlandırmazdan əvvəl əvvəlcə onun eskizini hazırlayır. Yanvar ayında əsərlərindən ibarət böyük retrospektiv sərgi keçirildi. Rəssamlıq onun 11 yaşından bəri ən böyük sevgisidir", – mənbə bildirir.
Bütün bunlarla yanaşı, aktyor ailəsinə olan bağlılığı ilə də seçilir. Mənbə bildirir ki, Silvestr Stallone həyatını ailəsinə həsr edib. O, yay aylarını həyat yoldaşı Cennifer Flavin və qızları – 30 yaşlı Sofiya, 28 yaşlı Sistin və 24 yaşlı Skarletlə birlikdə 2024-cü ildə aldığı İst-Həmptondakı evində keçirir. Hazırda onların hər üç qızı influenser kimi fəaliyyət göstərir, eyni zamanda birlikdə "Unwaxed" adlı podkast aparırlar.
ABŞ prezidenti Donald Trampın uzun illərdir tərəfdarı olan aktyor tez-tez "Palm Beach"də yerləşən məşhur "Le Bilboquet" restoranında və bəzən də "Mar-a-Lago" klubunda da görünür.
Silvestr Stallonenin şöhrət yolu 1976-cı ildə ssenarisini yazdığı və baş rolda çəkildiyi "Rocky" filmi ilə başlayıb. "Oskar" mükafatı qazanan bu ekran əsərindən sonra "Rambo silsiləsi" aktyoru dünya miqyasında məşhurlaşdırıb. Son illərdə Stallone televiziya ekranlarına da uğurla qayıdıb. O, Teylor Şeridanın "Tulsa King" serialında mafiya başçısı obrazını canlandırır. Məlumata görə, Paramount+ platformasında yayımlanan serialın dördüncü mövsümü bu ilin payızında təqdim olunacaq.
aktyor rəsm

Mənbə: lent.az