IMG-LOGO

İspaniyada çoxlarının bilmədiyi möhtəşəm zona

10 Jul 2026 15:29 3 baxış
IMG
0 0

İspaniyada istirahət planlaşdıran turistlərin əksəriyyəti adətən Madrid və ya Barselonaya üstünlük verir. Madrid möhtəşəm meydanları, Barselona isə Aralıq dənizi sahilləri və memar Antoni Qaudinin əsərləri ilə tanınır. Lakin ölkədə hələ də çoxlarının kəşf etmədiyi, təbiəti və sakitliyi ilə seçilən kurort bölgələri var.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İspaniyanın şimal-qərbində, Madriddən təxminən 600 kilometr uzaqlıqda yerləşən Rias-Bayşas bölgəsi ölkənin ən fərqli turizm məkanlarından biri hesab olunur.

Beş okean körfəzindən ibarət olan bu ərazi zəngin Kelt irsi, təmiz çimərlikləri və məşhur Albarinyo (Albariño) ağ şərabı ilə seçilir.

Burada turistləri aypara formasında uzanan, ağ xırda qumlu və zümrüd rəngli suya malik, adətən izdihamsız çimərliklər qarşılayır. Bölgənin kiçik və füsunkar şəhərlərində isə ölkənin ən təzə dəniz məhsullarını dadmaq mümkündür. Bu yeməklər yerli Albarinyo şərabı ilə birlikdə təqdim olunur və bölgənin əsas qastronomik simvollarından sayılır.

Kanqas – sakit istirahət və təbiət həvəskarları üçün

Viqo şəhərinin qarşısında yerləşən Kanqas (Cangas) qəsəbəsi sakit istirahətlə aktiv turizmi bir araya gətirir. Burada çoxsaylı piyada marşrutları mövcuddur. Onlardan biri olan təxminən 9 kilometrlik Roteiro de Donón marşrutu şam meşələri arasından keçir və yolboyu gizli çimərliklərə çıxış yaradır.

Bölgədəki Praia de Nerga və Praia de Barra çimərlikləri şəffaf suyu və dağ mənzərələri ilə diqqət çəkir. Lakin turistlər nəzərə almalıdır ki, Praia de Barra rəsmi nudist çimərliyi kimi fəaliyyət göstərir.

Sanşenşo – çimərlik və qastronomiya mərkəzi

Dəniz kənarında daha çox vaxt keçirmək istəyənlər üçün Sanşenşo (Sanxenxo) kurortu ideal seçim hesab olunur. Bu məkan xüsusilə zəngin mətbəxi ilə məşhurdur.

Kurortun mərkəzindən cəmi beş dəqiqəlik məsafədə yerləşən Praia de Areas çimərliyi sakit dənizi, ağ qumu və günbatımını izləmək üçün əlverişli atmosferi ilə seçilir.

Yaxınlıqdakı Praia da Lanzada isə uzun qumlu sahili və sabit dalğaları sayəsində sörfinq həvəskarlarının ən çox üz tutduğu məkanlardan biridir.

Kombarro – tarixi ilə seçilən sahil şəhərciyi

Rias-Bayşas bölgəsinin ən maraqlı məkanlarından biri də Kombarro şəhərciyidir. Bura qədim qranit evləri və XVIII-XIX əsrlərə aid, daş sütunlar üzərində tikilmiş ənənəvi taxıl anbarları – "hórreo"ları ilə tanınır.

Dar daş döşənmiş küçələr boyunca gəzən turistlər sonda Praia do Padrón çimərliyinin sahilinə çıxırlar. Burada qədim taxıl anbarları birbaşa sahil xətti boyunca sıralanaraq şəhərə özünəməxsus və yaddaqalan görünüş bəxş edir.

Rias-Bayşas izdihamlı kurortlardan uzaq, təmiz təbiət, sakit çimərliklər, zəngin mədəni irs və dadlı dəniz məhsulları axtaran səyahətçilər üçün İspaniyanın ən maraqlı istiqamətlərindən biri hesab olunur.

İspaniya

Mənbə: lent.az

Xəbər lenti