IMG-LOGO

Prezident Azərbaycanın mürəkkəb beynəlxalq problemlərin həllində etibarlı mərkəzə çevrilməsinin səbəbini açıqlayıb

13 Jul 2026 13:09 2 baxış
IMG
0 0

Azərbaycanın regional proseslərdə, ən azı regional miqyasda rolu getdikcə artır.

Lent.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın ən mürəkkəb beynəlxalq problemlərin həllində etibarlı mərkəzə çevrilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Azərbaycanın roluna verdiyiniz yüksək qiyməti də yüksək dəyərləndirirəm. Bu suala çox uzun cavab vermək olar. Burada bir çox amillər var. Ancaq mən ilk növbədə etimadı qeyd edərdim. Bu, Azərbaycanın səmimiyyətinə olan etimaddır. Sizin sadaladığınız və qeyd etmədiyiniz digər hallarda da bizdən vasitəçilik və ya normallaşma prosesinə dəstək istəyən hər kəs yaxşı bilirdi ki, Azərbaycanın gizli gündəliyi yoxdur. Bu, həqiqətən də belədir. Biz heç vaxt gizli niyyət güdməmişik. Harada kömək edə biliriksə, səmimi şəkildə kömək etməyə çalışmışıq. Bu, artıq dövlətimizin formalaşmış davranış xəttidir. Əgər kömək etmək imkanımız varsa, bunu etməliyik. Yoxdursa, deməli, mümkün deyil. Elə dövrlər olub ki, bizim belə imkanlarımız olmayıb. Bu gün isə həm maddi, həm siyasi, həm də digər baxımdan belə imkanlarımız var. Ona görə də hesab edirəm ki, əsas amil məhz etimaddır. Birincisi, tərəflər əmindirlər ki, bizə etibar etdikləri məxfi məlumatlar heç yerə sızmayacaq və indiyədək də sızmayıb. Əgər nə vaxtsa belə hal baş veribsə, bu, bizdən qaynaqlanmayıb.

İkincisi isə, tərəflər inanırlar ki, bir-biri ilə ortaq məxrəcə gələ bilməyən bütün tərəflərə qarşı dürüst davranacağıq. Belə hallar həm yaxın keçmişdə, həm də daha əvvəl çox olub. Bu, əlbəttə ki, bizi sevindirir. Bu, onu göstərir ki, qurduğumuz etibarlı münasibətlər sayəsində müəyyən ölkələr üçün faydalı ola bilirik. Onlara mühüm məsələləri müzakirə etmək və gərginliyi azaltmaq üçün şərait yaradırıq. Bu da artıq regional siyasətin mühüm amillərindən birinə çevrilib. Bu gün Azərbaycanın regional proseslərdə, ən azı regional miqyasda rolu getdikcə artır. Bu rol müsbət və konstruktiv xarakter daşıyır. Biz bundan sonra da harada kömək etmək imkanımız olacaqsa, bunu etməyə davam edəcəyik. Düşünürəm ki, daha bir vacib amil də var. Mən buna bir qədər əvvəl də toxundum. Söhbət Qoşulmama Hərəkatından gedir. Bu təşkilat 120 dövləti birləşdirir. Onların bir çoxu bir-birini o qədər də sevmir, bəziləri isə hətta müharibə vəziyyətindədir. Buna baxmayaraq, Azərbaycanın sədrliyinə hamısı yekdilliklə səs verdi. İlk dəfə seçiləndə bunu müəyyən mənada izah etmək olardı. Çünki biz kampaniya aparır, özümüz haqqında məlumat verirdik. Lakin üç il sonra fəaliyyətimizə qiymət verildi. Verdiyimiz bütün vədləri yerinə yetirdik. Sonra sədrliyin müddətinin uzadılması məsələsi ortaya çıxanda yenə də üzv ölkələr bizə müraciət etdilər və sədrliyi davam etdirməyimizi istədilər. Yenə də bütün ölkələr yekdilliklə buna səs verdilər. Regional səviyyədə də eyni yanaşma mövcuddur. Mən hesab edirəm ki, Azərbaycana olan bu münasibətin əsas səbəbi dürüstlüyümüz və etibarlılığımızdır. Rus dilində buna uyğun ifadəni tam tapa bilmirəm, amma Azərbaycan dilində belə deyirlər: "ağzı möhürlü olmaq", yəni etibar edilən sirri qorumağı bacarmaq. Məncə, məhz buna görə Azərbaycana belə münasibət göstərilir”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumu

Mənbə: lent.az

Xəbər lenti