IV Şuşa Qlobal Media Forumu çərçivəsində süni intellekt, vizual təqdimatlar və yeni nəsil təcrübələr mövzusunda panel sessiyası keçirilib. APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, paneldə çıxış edən texnobloqer Fərid Pərdəşünas insanların artıq xəbərləri süni intellekt vasitəsilə əldə etməyə üstünlük verdiklərini bildirib.
"İnsanlar gündəmi izləmək üçün artıq sosial mediadan belə istifadə etmək istəmirlər. Statistikalar göstərir ki, istifadəçilərin təxminən 10 faizi xəbərləri süni intellekt vasitəsilə oxuyur", – o deyib.
Fərid Pərdəşünas qeyd edib ki, süni intellekt nə qədər inkişaf etsə də, insan yaradıcılığı tələb edən peşələr tamamilə aradan qalxmayacaq. Paneldə çıxış edən texnobloqer Tariyel Ağazadə isə bildirib ki, süni intellekt dövrün ən mühüm texnoloji yeniliklərindən biridir.
Onun sözlərinə görə, süni intellekt vasitəsilə hazırlanan saxta məlumatlar bəzən çox peşəkar görünür. "Bu, artıq ciddi riskdir. Bunun qarşısını almaq üçün rəqəmsal savadlılığın artırılması vacibdir. Məsələn, hər hansı bankın loqosundan istifadə etməklə insanları asanlıqla aldatmaq mümkündür. Belə halların sayı getdikcə artır", – Tariyel Ağazadə vurğulayıb. Paneldə çıxış edən politoloq Gela Vasadze isə qeyd edib ki, ictimai rəyin manipulyasiyası yeni hal deyil və bu, yalnız süni intellekt vasitəsilə həyata keçirilmir.
"İnformasiyanı müxtəlif mənbələrdən əldə etmək mümkündür. Əsas məsələ onun mənbəyini sorğulamaqdır. Süni intellekt işimizi xeyli asanlaşdırır, lakin onun yarada biləcəyi riskləri və fəsadları da nəzərə almalıyıq", – Gela Vasadze əlavə edib.
Panel sessiyası sual-cavab hissəsi ilə davam edib.
IV Şuşa Qlobal Media ForumuMənbə: lent.az