İtaliyanın məşhur turizm məkanlarından birində turistlər üçün yeni təhlükəsizlik tələbləri qüvvədədir. Dağ cığırlarına uyğun olmayan ayaqqabı ilə çıxan ziyarətçilər yüksək məbləğdə cərimə ilə üzləşə bilərlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət İtaliya Rivyerasında yerləşən Cinque Terre Milli Parkından gedir. Füsunkar mənzərələri və dəniz sahili ilə məşhur olan parkın rəhbərliyi dağ marşrutlarına şlapan və ya açıq yay ayaqqabısı ilə çıxan turistləri cərimələyir.
Qayda 2019-cu ildən qüvvədədir
Milli Park rəhbərliyi bu tələbi hələ 2019-cu ildə tətbiq edib. Məqsəd dağ cığırlarında baş verə biləcək xəsarətlərin sayını azaltmaq və xilasetmə xidmətlərinin üzərinə düşən yükü yüngülləşdirməkdir. Parkın direktoru bildirib ki, bəzi marşrutlar çətin dağ yollarını xatırladır və belə ərazilərdə uyğun ayaqqabı geyinmək vacibdir.
"Bu, mürəkkəb marşrutlardır və bəzi hissələri dağ cığırlarına bənzəyir. Düzgün ayaqqabı seçmək çox vacibdir", - o vurğulayıb.
Cərimə 2500 avroya çata bilər
Parkın qaydalarına əsasən, dağ marşrutlarına şlapan və ya sandal geyinərək çıxan turistlər 2500 avroya qədər cərimə oluna bilərlər. Ərazidə yerləşdirilən məlumat lövhələrində ziyarətçilərə fiziki hazırlıq səviyyələrinə uyğun marşrut seçmək, kifayət qədər su götürmək, günəşdən qoruyucu vasitələrdən istifadə etmək və uyğun ayaqqabı geyinmək tövsiyə olunur. Bundan əlavə, 2023-cü ildən etibarən turist sıxlığını azaltmaq məqsədilə bəzi populyar cığırlarda birtərəfli hərəkət sistemi də tətbiq edilir.
Avropanın digər ölkələrində də oxşar qaydalar var
Məqalədə qeyd olunur ki, İspaniyaya səfər edən turistlərə velosiped sürərkən qulaqcıqdan istifadə etməyin qadağan olduğu da xatırladılır. Bu qaydanı pozan şəxslər cərimələnirlər. Fransada bu qaydanın pozulmasına görə 135 avro cərimə tətbiq olunur. İtaliya və Portuqaliyada isə velosiped sürərkən yalnız bir qulaqcıqdan istifadə etməyə icazə verilir. Tələblərə əməl etməyənləri 160 avroya qədər cərimə gözləyə bilər.
Travel turistlər İtaliya turizmMənbə: lent.az