İnsanlar adətən düşünür ki, münasibətdə xoşbəxt olmaq üçün partnyorun mehriban, qayğıkeş və sevən biri olması kifayətdir. Lakin həyat hər zaman bu qədər sadə olmur. Bəzən münasibətlər xəyanət, qalmaqal və ya kobud davranış olmadan da sona çatır. Belə hallarda ayrılmaq qərarını verən şəxs uzun müddət özünü günahkar hiss edə bilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ən ağrılı ayrılıqların hamısının toksik münasibətlərdən qaynaqlanmadığı bildirilir.
Bəzən cütlük bir-birinə hörmət edir, ortaq dəyərləri bölüşür, hətta ailə və dostları tərəfindən ideal cütlük kimi qəbul olunur. Buna baxmayaraq, hisslər dəyişə və münasibətin davam etməsinin mümkünsüz olduğu qənaəti yarana bilər.
Ayrılıq söhbəti niyə gecikir?Mütəxəssislərin sözlərinə görə, bir çox insan qarşı tərəfi incitmək, qurulan planları dağıtmaq və yaxınlarını məyus etmək qorxusundan ayrılıq barədə danışmağı aylarla təxirə salır. Onlar hisslərin yenidən qayıdacağına, yaşanan böhranın keçəcəyinə və ya sadəcə yorğun olduqlarına inanmağa çalışırlar. Lakin səmimi söhbət nə qədər gecikirsə, ayrılıq hər iki tərəf üçün bir o qədər ağır keçir.
Günahkarlıq hissi uzun müddət davam edə bilərAraşdırmada qeyd olunur ki, münasibəti bitirmək qərarını verən insanlar özlərini qalib kimi hiss etmirlər. Əksinə, onlar uzun müddət vicdan əzabı və günahkarlıq hissi yaşayırlar.
Bəziləri "mən pis insanam", "bir dəfə kimisə incitmişəmsə, həmişə belə olacağam" və ya "mən xoşbəxt olmağa layiq deyiləm" kimi düşüncələrə qapılır.
Psixoloqlar bildirirlər ki, bir qərarın insanın bütün şəxsiyyətini müəyyənləşdirməsi düzgün yanaşma deyil.
Hər ayrılığın günahkarı olmurMütəxəssislər vurğulayırlar ki, insanlar sevgi hekayələrini çox vaxt "günahkar" və "qurban" anlayışları ilə qiymətləndirməyə çalışırlar. Halbuki real həyatda vəziyyət daha mürəkkəbdir. Bir insan qarşı tərəfə laqeyd və ya qəddar olduğu üçün deyil, sadəcə həmin münasibətdə gələcəyini görmədiyi üçün ayrılmaq qərarı verə bilər.
Bu, qarşı tərəfin ağrı çəkməyəcəyi anlamına gəlmir, eyni zamanda ayrılan şəxsin bütün yaxşı xüsusiyyətlərini də kölgədə qoymur.
Özünüzə bu sualları verinPsixoloqlar bildirirlər ki, münasibətlə bağlı şübhələr davamlı xarakter alırsa, onları görməzdən gəlmək olmaz. Belə vəziyyətdə insan özündən soruşmalıdır ki, tərəfdaşı ilə birlikdə olarkən həqiqətən xoşbəxtdirmi, bu münasibətin gələcəyini görürmü, münasibətdə sevgiyə görə qalır, yoxsa kimisə incitmək qorxusuna görə və hisslərini açıq şəkildə ifadə edə bilirmi. Əgər bu suallara cavab vermək daxili narahatlıq yaradırsa, deməli, problem artıq uzun müddətdir mövcuddur.
Mütəxəssislərin fikrincə, insanlar çox vaxt ayrıldıqlarına görə deyil, həqiqəti vaxtında demədiklərinə görə peşman olurlar. Xüsusilə də qarşı tərəf mehriban, qayğıkeş və münasibətin bitməsi üçün açıq səbəb yaratmayıbsa, belə söhbət daha çətin keçir.
Bununla belə, yalnız borc hissi və ya kimisə incitmək qorxusu ilə münasibəti davam etdirmək də düzgün hesab edilmir. Çünki zaman keçdikcə bu vəziyyət hər iki tərəfə daha çox mənəvi zərər verir.
münasibət cütlükMənbə: lent.az