Bir xəbər yazılır.
Jurnalist hadisə yerinə gedir. Şahid danışır. Qarşı tərəf danışır. Polis danışır. Həkim danışır. Vəkil danışır. Bir cümlənin düz olması üçün bəzən on nəfərin fikri alınır. Və bütün bunlardan sonra xəbər dərc olunur.
Amma həmin xəbərdən beş dəqiqə sonra telefonunuzun ekranına başqa bir video düşür. Kameranın qarşısında biri oturub. Arxa fonda bahalı maşın. Əlində kofe. Üzündə qəribə bir özünəinam. İlk cümləsi isə adətən belə başlayır: "Mən sizə əsl həqiqəti deyəcəyəm..." Adam az qalır özündən şübhələnsin ki, görən bizim yazdığımız nə idi... Və qəribəsi odur ki, siz ona inanırsınız.
Nə vaxtdan bir nəfərin subyektiv fikri, şəxsən ona aid olan beynin məhsulu daha inandırıcı oldu? Nə vaxtdan faktın yerini tonla, qəribə mimikalarla deyilən məlumatlar aldı? Nə vaxtdan "məncə" sözü "məlumata görə" ifadəsini məğlub etdi? Nə vaxtdan qışqırmaq arqument hesab olundu? Nə vaxtdan söyüş səmimiyyətin göstəricisinə çevrildi?
Mən bir şeyi anlaya bilmirəm. Niyə sizə hər cümləsində insanı təhqir edən, ondan fərqli düşünənə "satqın", "cahil", "axmaq" deyən adamlar daha inandırıcı gəlir? Niyə sizi aşağılayan adamları izləyirsiniz? Niyə sizə "siz heç nə bilmirsiniz" deyənlərə milyonlarla baxış qazandırırsınız? Bəlkə problem onlarda yox, bizdədir?
Biz redaksiyada bir xəbəri dərc etməzdən əvvəl bəzən saatlarla mübahisə edirik. Bu ifadə doğrudurmu? Bu başlıq manipulyasiya yaratmır ki? Qarşı tərəfin mövqeyi alınıbmı? Hüquqi risk varmı? Oxucu yanlış anlaya bilərmi? Sonra bir nəfər telefonunu açır və deyir: "Mənə elə gəlir ki..." Və bir milyon baxış. Ən acısı isə odur ki, o bir milyon baxışın içində bəlkə də bizim oxucularımız da var.
Jurnalistika populyarlıq yarışına çıxmayıb. Jurnalistika məsuliyyət daşıyır. Bizim yazdığımız bir yanlış cümlə sabah məhkəmədə qarşımıza çıxa bilər. Həqiqətdən uzaq bir xəbər kiminsə işini, ailəsini, həyatını məhv edə bilər. Ona görə ehtiyatlıyıq. Dəfələrlə rəsmi mənbələrə istinadən verdiyimiz xəbərlə görə, oxucu zəng edib göz yaşı töküb. Sizin bu xəbərə görə, ailəmdə problem yaranıb deyib. Təbii ki, xəbərdə yalan yoxdursa və rəsmi mənbələr təsdiqləyirsə, onu yayımlamaqdan başqa variantımız yoxdur. Hətta bu halda belə oxucuya başlığı yumşaldaraq, filan kimi yardımcı oluruq. Amma hansısa, ağzıgöyçək telefonunu əlinə alıb insanların ailəsini dağıdacaq xəbərləri rahatlıqla yayır.
Ola bilər ki, hansısa sosial platforma səhifəsi xəbəri daha tez sizə çatdırır. Bəzən siz bunu "gecikmək" hesab edirsiniz. Əslində isə bu, məsuliyyətdir. Bizə xəbəri dəqiqləşdirmək üçün bir az zaman lazımdır.
Sosial şəbəkələr pisdirmi? Əsla. Əksinə. Bu gün bir çox hadisəni ilk dəfə məhz sosial media vasitəsilə öyrənirik. Orada peşəkar insanlar da var. Məsələ platformada deyil. Məsələ məsuliyyətdədir. Məsələ odur ki, sosial mediada hər danışan jurnalist olmur.
Necə ki, hər stetoskop taxan həkim olmur. Hər çəkic tutan mühəndis olmur. Hər mikrofona danışan da xəbər adamı olmur.
İndi yeni bir tendensiya yaranıb. Artıq insanlar xəbəri yoxlamırlar. Sadəcə xoşlarına gələn versiyanı seçirlər. Əgər həmin versiya qəzəblidirsə – daha yaxşı. Əgər içində qalmaqal varsa – lap əla. Əgər kimsə kimisə təhqir edirsə – deməli, "düz danışır". Həqiqət bağırmalıdır ki, onu duysunlar? Yaddan çıxarmayın ki, yalan adətən qışqırır.
Bu gün redaksiyalar əvvəlkindən daha çətin şəraitdə işləyir. Süni intellekt vasitəsilə saxta videolar hazırlanır. Hamı bunun arxasınca qaçır. Özü də bir hadisə haqqında eyni anda yüz fərqli versiya dolaşır. Gəl indi işin içindən çıx. Bizim də vəzifəmiz odur ki, bu çirkabın içindən nəyin həqiqət,nəyin yalan olduğunu təmizləyib çıxaraq. Yəni oturduğumuz yerdə işə düşürük. Ona görə də hazırkı dövrdə peşəkar medianın işi ikiqat ağırlaşıb. Çünki biz artıq təkcə xəbər yazmırıq. Biz həqiqəti saxtadan ayırmağa çalışırıq.
Təbii ki, medianın da səhv etdiyi hallar ola bilər. Heç kim mükəmməl deyil. Amma səhv edəndə düzəldilir. Üzr istənilir. Çünki oxucu qarşısında məsuliyyətimiz var.
Əziz oxucu, mümkünsə, bir xəbəri oxumazdan əvvəl özünüzdən soruşun: Bunu mənə kim deyir? Bu adam dediyi sözə görə cavab verməyə hazırdırmı? Yoxsa sabah həmin videonu silib başqa mövzuya keçəcək? İnanın, bu sual sizi çox yalandan qoruyacaq. Çünki xəbər seçmək də bir mədəniyyətdir. Necə qidalandığınıza diqqət etdiyiniz kimi, beyninizi nə ilə doldurduğunuza da diqqət edin.
Deməli belə, biz sizin üçün yazırıq. Siz isə özünüz üçün oxuyun. Çünki düzgün xəbər seçmək, əslində, düzgün tərəfi seçməkdir.
meia və sosial şəbəkələr blogerlərin yalan xəbəri doğru xəbər Səbinə ƏvəzqızıMənbə: lent.az