IMG-LOGO

Pişiklər niyə qarınlarını sahiblərinə göstərirlər?

17 Jul 2026 16:11 2 baxış
IMG
0 0

Pişik saxlayan insanların çoxu belə bir vəziyyətlə qarşılaşıb: ev heyvanı arxası üstə uzanaraq qarnını göstərir və bu, onu sığallamaq istəyi yaradır. Lakin həmin nahiyəyə toxunmağa çalışan sahib bəzən gözlənilməz reaksiya ilə qarşılaşır. Pişik əli tuta, dişləyə və ya arxa pəncələri ilə müdafiə oluna bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, pişiyin arxası üstə uzanması hər zaman "məni sığalla" demək deyil. Pişiklər üçün qarın nahiyəsi bədənin ən həssas və qorunan hissələrindən biridir. Buna görə də heyvanın qarnını insana göstərməsi daha çox ona güvəndiyini və özünü təhlükəsiz hiss etdiyini göstərir. Bu isə həmin nahiyəyə toxunmağa icazə verdiyi anlamına gəlmir.

Ekspertlər bildirirlər ki, bu poza həmişə oyun oynamaq və ya nəvaziş istəyi ilə bağlı olmur. Bəzən pişik sadəcə sahibinə etibar etdiyini nümayiş etdirir, lakin fiziki təmas arzulamır. Onun əhvalını digər davranışlarından da anlamaq mümkündür. Əgər pişik qulaqlarını geriyə yatırır, bədəni gərgindirsə və ya quyruğunu sürətlə hərəkət etdirirsə, onu sığallamağa çalışmamaq daha yaxşıdır. Belə hallarda pişik qarnını göstərsə belə, yaxın təmas istəmir.

Mütəxəssislər qeyd edirlər ki, pişiklər bəzən sadəcə rahat istirahət etmək və ya sərinləmək üçün də bu vəziyyətdə uzanırlar. Bu davranış hər zaman insanla əlaqəli olmaya bilər, lakin heyvanın özünü təhlükəsiz hiss etdiyini göstərən əlamətlərdən biri hesab olunur. Bəzi hallarda isə pişik yerdə çevrilərək miyoldayırsa, bu, onun oyun əhvalında olduğuna işarə edə bilər. Belə davranışla o, sahibinin diqqətini çəkməyə və birlikdə oynamaq istədiyini bildirməyə çalışır. Mütəxəssislər vurğulayırlar ki, pişiyin davranışlarını düzgün qiymətləndirmək vacibdir.

Qarının göstərilməsi mütləq sığallanmaq istəyi demək deyil. Heyvanın şəxsi sərhədlərinə hörmət etmək onun sahibinə olan etibarını daha da gücləndirir. Əgər sahib pişiyə nəvaziş göstərmək istəyirsə, əvvəlcə heyvanın özü əlaqə yaratmalıdır. Bunun üçün əli pişiyə uzadaraq onun iyləməsinə imkan vermək, sonra isə ehtiyatla baş nahiyəsini sığallamaq tövsiyə olunur.

Əgər pişik sakit davranır, yaxınlaşır və ya özü başını sığallamaq üçün uzadırsa, deməli, ünsiyyətə hazırdır. Yox əgər üzünü çevirir, narahatlıq göstərir və ya əli uzaqlaşdırmağa çalışırsa, israr etməmək və ona rahatlıq vermək lazımdır.

Heyvanlar heyvanlar aləmi pişiklər

Mənbə: lent.az

Xəbər lenti