IMG-LOGO

Haluk Leventin ən yaxın adamından ETİRAF: "Pulların haradan gəldiyini bilmirəm"

18 Jul 2026 13:31 2 baxış
IMG
2 0

Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən, dərnəyin qurucularından biri və Haluk Leventin yaxın əməkdaşı Alper Çelikin prokurorluğa verdiyi ifadə üzə çıxıb.

Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, Alper Çelik effektiv peşmanlıq (etirafçı) müddəalarından yararlanmaq istədiyini bildirib və istintaqa kömək etməyə hazır olduğunu deyib.

Çelik ifadəsində Haluk Leventin göstərişi ilə müxtəlif  bank əməliyyatları keçirdiyini iddia edib. Onun sözlərinə görə, Levent bank hesablarından birbaşa istifadə etmir, görüləcək işləri telefon vasitəsilə ona tapşırırdı.

Alper Çelik bildirib ki, verilən təlimatlar əsasında müxtəlif bank hesablarına pul köçürür, birja əməliyyatları üçün ödənişlər edir, bəzən isə mərc saytlarındakı hesablar vasitəsilə də əməliyyatlar həyata keçirirdi.

O, vaxtaşırı İstanbulun Qapalıçarşı ərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqəsinə də göndərildiyini, oradan xarici valyuta və Türkiyə lirəsi götürərək göstərilən bank hesablarına yatırdığını və ya əlbəəl təhvil verdiyini iddia edib.

"Mənə sadəcə müəyyən şəxslərin adları deyilirdi. Həmin adamlardan pulu götürüb göstərilən hesablara yatırırdım. Pulların haradan gəldiyini bilmirəm", – Çelik ifadəsində bildirib.

O, Ahbap Dərnəyinin satınalma şöbəsində çalışan və adının Deniz olduğunu dediyi şəxsin də bəzi məsələlər barədə məlumatlı ola biləcəyini iddia edib. Çelikin sözlərinə görə, həmin şəxs alınan bəzi məhsulların anbarlarda qaldığını, xarab olduğunu və ehtiyac sahiblərinə çatdırılmadığını bildiyini deyib.

İfadəsinin sonunda özünü zərərçəkmiş kimi təqdim edən Alper Çelik maddi və mənəvi ziyana məruz qaldığını, günahsız olduğunu bildirib və istintaqın gedişində lazım olacağı təqdirdə əlavə məlumat verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, bu iddialar hazırda istintaq tərəfindən araşdırılır. Haluk Levent və digər şübhəlilər barədə yekun məhkəmə qərarı isə verilməyib.

haluk levent maqazin xəbərləri istintaq etiraf

Mənbə: lent.az

Xəbər lenti