Müasir fantastik filmlər möhtəşəm vizual effektləri, maraqlı süjetləri və düşündürücü mövzuları ilə tamaşaçıları ekran qarşısında saxlayır.
Lent.az son illərin yüksək qiymətləndirilən fantastik filmlərindən bəzilərini təqdim edir.
"Ave Mariya" (2026)
Filmin baş qəhrəmanı, məktəb müəllimi Raylend Qreys, yaddaşını itirmiş halda Yer kürəsindən çox uzaqda yerləşən kosmik gəmidə oyanır. O, tədricən xatırlayır ki, bəşəriyyətin taleyini həll edəcək mühüm missiyanın yeganə iştirakçısıdır.
Günəşi sirli təhlükədən xilas etmək üçün zamanla yarış başlayır. Baş rolu Rayan Qoslinq canlandırır.
"Mikki 17" (2025)
Mikki kosmik ekspedisiyada ən təhlükəli tapşırıqları yerinə yetirən xüsusi əməkdaşdır. Hər dəfə öldükdən sonra onun bədəni və xatirələri yenidən bərpa edilir. Lakin bir gün sistemdə baş verən nasazlıq nəticəsində eyni anda iki Mikki meydana çıxır və hadisələr gözlənilməz istiqamət alır. Baş rolda Robert Pattinson çıxış edir.
"Elektrik Ştatı" (2025)
Alternativ keçmişdə baş verən texnoloji fəlakətdən sonra Mişel adlı gənc qız itkin düşən qardaşını tapmaq üçün təhlükəli səfərə çıxır. Onu bu yolda sarı rəngli robot müşayiət edir. Filmdə baş rolu Milli Bobbi Braun canlandırır, rejissorları isə Russo qardaşlarıdır.
"Düna: İkinci hissə" (2024)
Pol Atreydes Arrakis planetində fremenlərlə birlikdə böyük döyüşə hazırlaşır. Onu hakimiyyət uğrunda mübarizə, çətin seçimlər və qalaktikanın taleyini dəyişəcək hadisələr gözləyir. Filmin rejissoru Deni Vilnövdür.
"Avatar: Suyun yolu" (2022)
Ceyk Salli və Neytiri ailələrini qorumaq üçün Pandoranın dəniz tayfalarının yaşadığı əraziyə köçürlər. Onlar möhtəşəm sualtı dünyanı kəşf etsələr də, düşmənlərin geri qayıtması yeni mübarizənin başlanğıcı olur. Film nəfəskəsən vizual effektləri ilə seçilir.
"Adəm layihəsi" (2022)
Gələcəkdən gələn pilot kosmik gəmisindəki nasazlıq səbəbindən keçmişə düşür və 12 yaşlı özü ilə qarşılaşır. Onlar birlikdə gələcəyi dəyişmək və bəşəriyyəti xilas etmək üçün təhlükəli missiyaya başlayırlar. Baş rolu Rayan Reynolds canlandırır.
fantastik film maraqlı süjetlər vizual effektlərMənbə: lent.az