IMG-LOGO

Atası həbs edildi, qaynatası güllələndi - Məzarına Ərdəbil torpağı səpilən Rübabə Muradova

20 Jul 2026 14:14 10 baxış
IMG
0 0

"Unuda bilmirəm", "Nədən oldu".

Sevərək ifa etdiyi bu mahnılarda əslində onun həyatından bir parça var idi - vaxtsız ayrılıq, unudulmayan məhəbbət, yarımçıq qalan ailə həyatları.

Adı bu gün əvvəlki qədər tez-tez çəkilməsə də, o, Azərbaycan musiqisinin ən parlaq simalarından biri olaraq qalır. Sənətkarın bənzərsiz ifaları və zəngin yaradıcılığı milli musiqi mədəniyyətimizin qiymətli irsi hesab olunur. Çoxları mahnılarını televiziyalarda, sosial şəbəkələrdəki videolarda görüb dinləsə də, özü haqında ətraflı məlumata malik deyil və təəssüf ki, bu gün xüsusilə, gənclər onun yaradıcılığından xəbərsizdir.

Lent.az -ın “Unudulan sənətkarlar” rubrikasında bu dəfə sizə müğənni Rübabə Muradovadan danışacağıq. 

Rübabə Muradova 22 mart 1933-cü ildə Ərdəbil şəhərində din xadiminin ailəsində dünyaya göz açıb. Uşaqlıq illəri Cənubi Azərbaycanın mürəkkəb siyasi dövrünə təsadüf edib. Ailəsi burada uzun müddət yaşaya bilmədiyindən 1940-cı illərin əvvəllərində doğma yurdunu tərk edərək Azərbaycana köçmək məcburiyyətində qalıb. 5 bacı və 2 qardaşın olduğu ailənin yeni həyatı asan başlamayıb. Maddi çətinliklər, yurd həsrəti və yeni mühitə uyğunlaşmaq ailənin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. 

Bütün bu çətinliklərə baxmayaraq, onun musiqiyə olan marağı heç vaxt azalmayıb. O, hələ məktəb yaşlarından mahnılar oxuyur, iştirak etdiyi tədbirlərdə səsi ilə diqqət çəkirdi. Sonralar məhz bu xüsusiyyəti onu peşəkar sənət yoluna gətirib çıxardı. Onun bacıları Tahirə və Mahrux Muradovalar da musiqçi olsalar da, Rübabə Muradova qədər populyarlıq qazanmayıblar.

Teatrdan musiqiyə

Peşəkar musiqi təhsili almaq Rübabə Muradovanın həyatında dönüş nöqtəsinə çevirilir. Belə ki, o, peşəkar musiqi təhsili almamışdan əvvəl teatr səhnəsində çıxış edir. Məhz həmin tamaşalardan birində aktyor Ələsgər Ələkbərov onun səsini eşidərək Bakıya gəlməsini məsləhət görür.

Onun ifasında "Leyli" obrazı o qədər məşhurlaşmışdı ki, uzun illər tamaşaçılar bu rolu ilk növbədə Rübabə Muradovanın adı ilə əlaqələndiriblər. Musiqi tənqidçiləri onun səsinin əsas üstünlüyünü texniki imkanlarında deyil, hissləri dinləyiciyə ötürmək bacarığında görürdülər. Buna görə də ifalarını dinləyən insanların göz yaşlarını saxlaya bilmədiyi haqqında çoxlu xatirələr qalıb.

Paytaxtda Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul olunan Rübabə Muradova muğam sənətinin incəliklərini görkəmli xanəndə Seyid Şuşinskidən öyrənir. Burada keçirdiyi illər onun ifaçılıq üslubunun formalaşmasında mühüm rol oynayır.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət alması isə onun yaradıcılığında yeni mərhələnin başlanğıcı olur. Uzun illər bu teatrın aparıcı solistlərindən biri kimi fəaliyyət göstərən sənətkar həm opera tamaşalarında yaratdığı obrazlarla, həm də muğam ifaları ilə böyük tamaşaçı sevgisi qazanmışdı.

Muğamlardakı nisgili

Onun ifasında "Segah", "Bayatı-Şiraz", "Şur", "Humayun" kimi muğamlar xüsusi rəng alırdı. Muradovanın ifaları bu gün də muğam məktəbinin klassik nümunələri kimi qəbul edilir.

Karyeranın zirvəsindən ailə həyatının çökəkliyinə

Rübabə Muradovanın sənətdə qazandığı uğurlar şəxsi həyatında eyni rahatlığı gətirməyib. Onun ailə həyatı mürəkkəb və enişli-yoxuşlu olub. Rübabə Muradova həyatında iki dəfə ailə qurub. Hər iki evlilikdən bir qız övladı dünyaya gəlib. Lakin həyat yoldaşlarının onun səhnə fəaliyyətinə mənfi münasibəti ailədaxili gərginlik yaradıb və hər iki nikah boşanma ilə nəticələnib. Bundan sonra sənətkar ömrünü əsasən yaradıcılığına və övladlarının böyüdülməsinə həsr edib. Birinci evlilikdən dünyaya gələn qızı Qəmərmülk Muradova 2022-ci ildə, 74 yaşında uzun sürən xərçəng xəstəliyindən vəfat edib.  İkinci evliliyindən olan qızı Şahnaz Bəşirova 2021-ci ildə, 67 yaşında ürəktutmadan vəfat edib.

Onun ilk evliliyinin isə qəribə, həm də mürəkkəb tarixçəsi var. Belə ki, o, 16 yaşında olarkən İran hakimiyyəti atasını siyasi səbəblərlə həbs edir. Mirzə Xəlilin ailəsinə qarşı da rejim tərs üzünü göstərməyə başladıqda çıxış yolunu həbsxananın rəisi Xəlilağada görür. Ona ailəsini xilas etməyi, Azərbaycana keçirməyi tapşırır. Xəlilağa böyük riskə gedərək ailəni gecə vaxtı Araz çayını keçirməklə Azərbaycana gətirir və sonradan özü də bu tərəfdə qalır. Elə bu zamanlarda gənc Rübabəyə vurulur. Ailəni ölümdən xilas etdiyi üçün Mirzə Xəlil Rübabənin fikrini soruşamadan onu Xəlilağa ilə evləndirir. Beləliklə, Rübabə Muradova cəmi 16 yaşında ilk dəfə ailə həyatı qurur. Lakin Xəlilağanın atası bu evliliyə razı olmur və oğluna halallıq vermədiyini deyir. Rübabə Muradovanın qızı Qəmərmülkün xatirələrində bildirir ki, sonradan babasını Kanavada güllələyirlər. Rübabənin karyerasına olan sevgisi isə bu evliliyi sona qədər aparmağa icazə vermir. 

Sənət uğurlarının mükafatlandırılması

Rübabə Muradovanın sənət fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1956-cı ildə "Əməkdar artist", 1971-ci ildə isə "Azərbaycan SSR Xalq artisti" fəxri adına layiq görülüb. Bundan başqa, "Şərəf nişanı" ordeni ilə təltif edilib. Onun bir çox mahnıları Dövlət Televiziya və Radiosunun “Qızıl fondu”nda qorunur.

Vətən həsrəti

Sovet-İran sərhədinin bağlı olduğu illərdə Ərdəbilə gedə bilməməsi onun ən böyük nisgillərindən biri idi. Yaxınlarının dediyinə görə, o, doğma şəhərini tez-tez xatırlayır, uşaqlıq illərindən danışırdı. Hətta o, ölmədən öncə vəsiyyət edir ki, Ərdəbildən gətirilmiş torpaq məzarına səpilsin.

50 illik ömür

1980-ci illərin əvvəllərində Rübabə Muradovanın səhhətində ciddi problemlər yaranmağa başlayır. Buna baxmayaraq, o, mümkün qədər səhnədən uzaq düşməməyə çalışırdı. Sənətkar son günlərinədək musiqidən ayrılmaq istəmirdi. Şəkər xəstəliyi səbəbindən şirniyyat və şəkəri çox olan meyvələrdən uzaq durmalı olurdu. Xəstəliyi ağırlaşdıqca qidalanmaq da onun üçün çətinləşmişdi. Son günlərində demək olar ki, heç nə yeyə bilmir, əsasən su ilə kifayətlənirdi. Bir neçə ay ərzində xeyli çəki itirdiyindən onu yaxından tanıyanlar belə görkəminin çox dəyişdiyini deyirdilər. Rübabə Muradova 1983-cü il avqustun 28-də, 50 yaşında qaraciyər sirrozu nəticəsində vəfat edib. O, Yasamal qəbiristanlığında dəfn olunub. 

unudulan sənətkarlar Rübabə Muradova

Mənbə: lent.az

Xəbər lenti