IMG-LOGO

Tofiq Mirzəyev kimdir? - Yazıçı Anarın bacanağı, yəhudi əsilli aktyor

22 Jul 2026 14:27 3 baxış
IMG
5 0

Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev dünyasını dəyişib.

Lent.az “Bioqrafiya” rubrikasında mərhum rejisor barədə məlumat verir.

-Tofiq Mirzəyev kimdir?

Tofiq Mirzəyev azərbaycanlı aktyor, rejissor, ssenarist və səs operatorudur.

-O, nə vaxt və harada anadan olub?

Tofiq Mirzəyev 16 iyun 1932-ci ildə Gədəbəydə anadan olub.

-Tofiq Mirzəyevin valideynləri əslən haradan olub?

Atası İbrahim Mirzəyev əslən azərbaycanlı, anası Bella İlyinşina əslən yəhudi idi.

-Onun təhsil həyatı necə keçib?

T.Mirzəyev Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirib. Əvvəlcə Bakıda, sonra Moskvada Böyük Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət simfonik orkestrinə dəvət edib və Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayıb.

-Onun musiqinin başqa hansı janrlarına marağı olub?

Tofiq Mirəzyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb.

-T.Mirzəyev hansı görkəmli şəxslərlə birlikdə caz ifa edib?

Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanov kimi adlı-sanlı Azərbaycan cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib.

-Nə zaman və hansı səbəblə peşəsini rejissorluğa dəyişib?

Qəfil xəstəlik onun musiqi karyerasına son qoyub. Belə ki, Tofiq Mirzəyev 1960-cı ildə ağır xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər.

-Rejissorluq fəaliyyətinə harada başlayıb?

Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir.

-Harada rejisor kimi fəaliyyət göstərib?

Azərbaycan Televiziyasında işə düzələn Tofiq Mirzəyev burada 25 il fəaliyyət göstərir. O, Azərbaycan Televiziyasında ilk musiqi proqramlarını hazırlamağa başlayıb.

-Burada hansı filmləri nümayiş etdirib?

Rejissor, burada bir neçə film-konsert ("Abşeronun nəğmələri", "Niyazinin simfoniyası" və s.) nümayiş etdirib.

-Ona bu sənətdə kim yardımçı olub?

Həmin dövrdə AzTV-nin baş rejissoru olan Arif Babayev aktyora televiziyada ilk addımlarında, sonra isə kinoda kömək edib.

-Aktyorun kinoda ilk təcrübəsi hansı film olub?

Tofiq Mirzəyevin kinoda ilk təcrübəsi "Uşaqlığın son gecəsi" filmi olub.

-Burada hansı obrazla sevilib?

Bu filmdə canlandırdığı Rüfət obrazı sayəsində tamaşaçı rəğbəti qazanıb.

-Tofiq Mirzəyevin hansı filmləri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir?

"Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və başqa filmləri qızıl fonda daxildir. 

-Başqa hansı studiyalarda filmlərə çəkilib?

Aktyor "Mosfilm" və "Dovjenko" studiyalarında da filmlərə çəkilib.

-Aktyor Azərbaycandan İsrailə niyə köçüb?

Ömrünün orta yaşlarında həyat yoldaşı Elmira Səfərovanın ölümü Tofiq Mirzəyevə sarsıntı yaşadır. Həyat yoldaşının vəfatından sonra Tofiq həmişəlik Bakını tərk edib İsrailə köçməli olur. 

-Onun İsraildəki fəaliyyəti nədən ibarət idi?

Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvü idi. 

-Onun haqqında hansı film çəkilib?

2016-cı ildə Elvin Vəlimətov tərəfindən Tofiq Mirzəyevə həsr olunmuş Akkordlar... Tofiq Mirzəyev adlı qısametrajlı sənədli-bədii televiziya filmi çəkilib.

-Hansı mükafatlara layiq görülüb?

Azərbaycan SSR Əməkdar artisti  (23.12.1976),  Azərbaycan Respublikasının Xalq artisti (14.06.2022) "Şöhrət" ordeni (14.06.2022) mükaftlarına layiq görülüb.

-Hansı tanınmış şəxslərlə qohumdur?

Yazıçı Anar ilə bacanaqdır. Qardaşı Teymur Mirzəyev də musiqiçi idi.

-Tofiq Mirzəyev nə zaman vəfat edib?

22 iyul 2026-cı ildə 94 yaşında vəfat edib.

Tofiq Mirzəyev bioqrafiya rejisor aktyor caz

Mənbə: lent.az

Xəbər lenti