Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda kirayədə birlikdə yaşadığı Zəfər Məmmədovu 29 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə şahi ifadələri ilə davam edib.
Zərərçəkənin hüquqi varisi S.M Zəfər Məmmədovun qardaşı olduğunu deyib:
"Hörmətli məhkəmə, sizdən bir xahişim var. Ailəmiz dərin stress, kədər içindədir, qardaşımın iki azyaşlı uşağı gözüyaşlı qalıb. Sizdən artıq dərəcədə xahiş edirəm; bu adam (təqsirləndirilənə işarə dir) qardaşımı necə amansızcasına öldürübsə, ona elə amansızcasına cəza verin. Zəfər hadisədən səkkiz gün əvvəl şəhərə gəlmişdi. Biz bu adamı əvvəllər tanımamışıq".
Şahid daha sonra məhkəmənin suallarını cavablandırıb.
Məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlanıldığını elan edib.
Dövlət ittihamçısı çıxış edib və təqsirləndirilən Hüseyn Həsənovun 20
il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən H. Həsənovun 18 il, 6ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
Xatırladaq ki, hadisə Bakının Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Hüseyn Həsənov və Zəfər Məmmədov bir yerdə fəhlə işləyiblər və eyni evdə kirayədə qalıblar.
Hadisədən əvvəl onlar birlikdə yeyib-içiblər. Daha sonra aralarında sözlü mübahisə düşüb, bir-birinə qarşı qeyri-etik ifadələr işlədiblər. Mübahisə nəticəsində H. Həsənov Z. Məmmədovu 23 bıçaq zərbəsi ilə öldürüb. Daha sonra isə bıçağı qonşunun həyətinə atıb.
Ev sahibi bildirib ki, H. Həsənov hadisəni törətdikdən sonra evi yandırmaq istəyib.
H. Həsənova qarşı AR Cinayət Məcəlləsinin 120.2.2; 120.2.4; 120.2.9 maddələri üzrə cinayət işi açılıb.Təqsirləndirilən Hüseyn Həsənovun 2008-ci ildə CM-nin 120.1 maddəsi ilə 15 il müddətinə həbs olunmuşdu.
HadisələrMənbə: lent.az