IMG-LOGO

Yer kürəsində təcrid olunmuş 5 yer - Yolları və hava limanı olmayan ada

24 Jul 2026 12:49 3 baxış
IMG
0 0

Dünyada elə yaşayış məntəqələri və adalar var ki, ora çatmaq günlərlə vaxt aparır, bəzilərinə isə yalnız xüsusi nəqliyyat vasitələri ilə getmək mümkündür. Coğrafi maneələr və infrastrukturun olmaması bu əraziləri dünyanın ən təcrid olunmuş yerlərinə çevirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər dünyanın ən əlçatmaz məkanlarının siyahısını hazırlayıblar.

Siyahının ilk sırasında Bouqainville adası (Papua Yeni Qvineya) yer alır. Burada avtomobil yolları, hava limanı və müntəzəm gəmi reysləri yoxdur. Adaya yalnız şəxsi qayıqla getmək mümkündür. Təxminən 30 min nəfərin yaşadığı bu ərazidə 20-dən çox müxtəlif dildə danışılır. Bougainville geniş muxtariyyətə malikdir və bölgəyə səfər etmək üçün Papua Yeni Qvineya vizası ilə yanaşı, yerli hakimiyyət orqanlarının da icazəsi tələb oluna bilər.

İkinci yerdə Urumçi (Çin) şəhəri qərarlaşıb. Bu şəhər okeandan ən uzaqda yerləşən böyük yaşayış məntəqəsi hesab olunur. Urumçidən ən yaxın dənizə qədər məsafə təxminən 2500 kilometrdir.

Üçüncü sırada Antarktidadakı "Vostok" elmi stansiyası yer alır. Bura Yer kürəsinin ən soyuq və ən təcrid olunmuş elmi məntəqələrindən biri sayılır. Stansiyaya yalnız xüsusi ekspedisiyalar vasitəsilə çatmaq mümkündür.

Dördüncü yerdə Sokotra adası (Yəmən) qərarlaşıb. Ada nadir flora və faunası ilə məşhur olsa da, burada turizm infrastrukturu olduqca zəif inkişaf edib. İnternet mövcuddur, lakin yalnız peyk rabitəsi vasitəsilə işləyir və həm sürəti aşağı, həm də qiyməti bahadır.

Beşinci sırada isə Rorayma platosu (Venesuela) yer alır. Bu əraziyə yalnız helikopterlə və ya təxminən üç gün davam edən piyada yürüşü ilə çatmaq mümkündür.

Mütəxəssislər bildirirlər ki, bu ərazilərin təcrid olunmasının əsas səbəbi okeanlar, dağ silsilələri, səhralar və digər təbii maneələrdir. Bundan əlavə, həmin bölgələrdə yol və digər infrastrukturun tikintisi iqtisadi baxımdan səmərəli hesab edilmir. Yerli əhali əsasən balıqçılıq, kənd təsərrüfatı və bəzi bölgələrdə turizm hesabına dolanır.

Rusiyada isə ən təcrid olunmuş ərazi kimi Taymır yarımadası göstərilir. Arktik tundrada yerləşən bu bölgədə ən yaxın yaşayış məntəqəsinə qədər yüzlərlə kilometr məsafə var. Buraya əsasən qış aylarında xüsusi yolsuzluq texnikaları ilə getmək mümkündür.

Mütəxəssislər qeyd edirlər ki, tam sakitlik və sivilizasiyadan uzaq təcrübə axtaranlar üçün bu məkanlar maraqlı seçim ola bilər. Lakin belə səfərlərə çıxmazdan əvvəl əlaqə imkanlarının məhdudluğu, çətin nəqliyyat şəraiti və lazımi icazələr nəzərə alınmalıdır.

dünya Çin

Mənbə: lent.az

Xəbər lenti